📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Si Cinpini hərbi bazada qarşılayır...

2026-09-21 18:16:25

Tramp Si Cinpini hərbi bazada qarşılayır...

ABŞ və Çin arasında son illərin ən mürəkkəb geosiyasi və iqtisadi münasibətləri fonunda Si Cinpinin Vaşinqtona dövlət səfəri beynəlxalq gündəmin əsas hadisələrindən birinə çevrilməkdədir.

Çin liderinin sentyabrın 23-dən 25-dək ABŞ-də keçirəcəyi görüşlər Donald Trampın prezidentliyi dövründə Vaşinqton-Pekin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə dair mühüm mesajlar verə bilər. Xüsusilə ticarət müharibəsi, tariflər, süni intellekt, kritik minerallar və Tayvan məsələsi iki ölkə arasında danışıqların əsas istiqamətlərindən hesab olunur.

Səfərin diqqətçəkən məqamlarından biri də Donald Trampın Si Cinpini “Endryus” hərbi bazasında şəxsən qarşılamasının nəzərdə tutulmasıdır. Ağ Evin proqramına görə, əsas danışıqlar sentyabrın 24-də keçiriləcək. Bu görüş iki liderin ilin əvvəlində Pekindəki təmaslarından sonra növbəti yüksək səviyyəli görüşü olacaq.

Vaşinqton və Pekin bir tərəfdən rəqabəti davam etdirir, digər tərəfdən isə iqtisadi əlaqələr və qlobal məsələlər üzrə müəyyən razılaşma imkanlarını qorumağa çalışırlar. Bu baxımdan Si Cinpinin ABŞ səfəri sadəcə diplomatik protokol xarakterli səfər deyil, dünyanın iki ən böyük iqtisadi gücü arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirə biləcək mühüm siyasi təmas kimi diqqət çəkir.

Tramp və Si Cinpin görüşündən hansı nəticələr gözlənilir? ABŞ-Çin münasibətlərində yeni razılaşmalar üçün real zəmin yarana bilərmi?

Əməkdaşlıq imkanları kifayət qədərdir" - Rəşad Bayramov - Azərbaycan Milli  İstiqlal Partiyası



AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, Tramp və Si Cinpinin Vaşinqtonda keçirəcəyi görüş iki ölkə arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm diplomatik təmas olacaq: “Səfərin proqramında Trampın Si Cinpini “Endryus” birgə hərbi bazasında şəxsən qarşılaması da nəzərdə tutulur ki, bu, ABŞ prezidentlərinin xarici liderləri qarşılama praktikasında qeyri-adi addım sayılır. Bununla belə, protokol jestlərini münasibətlərdə strateji dönüş kimi qəbul etmək üçün hələ ki, əsas yoxdur. Vaşinqton və Pekin arasında əsas ziddiyyətlər, yəni tariflər, texnologiya ixracına nəzarət, kritik minerallar və süni intellekt sahəsində rəqabət struktur xarakter daşıyır. Qarşıdakı görüşdə tərəflərin bu problemləri birdəfəlik həll etməsi mümkün olmasa da, amma ən azından həmin problemlərin idarə olunması üçün yeni mexanizmlər formalaşdırıla bilər”.

Politoloq burada ən real nəticələrdən biri kimi ticarət sahəsində mövcud gərginliyin müəyyən müddətə yumşaldılmasını görür: “ABŞ və Çin nümayəndələri artıq sammit ərəfəsində ticarət və süni intellekt məsələləri üzrə danışıqlar aparıblar. Gündəliyin mühüm elementlərindən biri tariflər üzrə mövcud razılaşmaların uzadılması, Çin tərəfindən ABŞ məhsullarının alışının artırılması və nadir torpaq elementlərinin ixracı ilə bağlı məhdudiyyətlərin müzakirəsidir. Lakin buna baxmayaraq hələ ki, ABŞ tərəfi texnologiya sahəsində öz məhdudiyyətlərini tamamilə aradan qaldırmağa hazır görünmür. Süni intellekt məsələsi isə yeni rəqabət mərhələsinin əsas istiqamətlərindən biridir. Burada söhbət təkcə kommersiya üstünlüyündən getmir. Paralel olaraq çiplər, hesablama gücü, məlumat və süni intelekt təhlükəsizliyi həm iqtisadi, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Buna görə tərəflər müəyyən texnoloji əməkdaşlıq imkanlarını müzakirə etsələr belə, strateji texnologiyalar üzrə rəqabətin dayanması gözlənilən deyil. Tayvan məsələsi də gündəmdədir və bu məsələ daha mürəkkəbdir. Pekin bu məsələdə ABŞ-dən daha ehtiyatlı davranış gözləyir, Vaşinqton isə Çinin Tayvan ətrafındakı hərbi və siyasi təzyiqini nəzərə alaraq öz mövqeyini qorumağa çalışır. Buna görə sammitdə böyük siyasi razılaşmadan daha çox, tərəflərin qarşılıqlı qırmızı xətlərini müəyyənləşdirməsi və yanlış hesablamaların qarşısının alınması istiqamətində kommunikasiya kanallarının gücləndirilməsi real nəticə ola bilər.

Beləliklə, görüşdən gözlənilən əsas nəticəni ABŞ-Çin münasibətlərində hər hansı yeni dostluq dövrünün başlanması deyil, rəqabətin daha idarəolunan çərçivəyə salınması kimi xarakterizə etmək mümkündür. Əgər tərəflər tariflər, kritik minerallar və süni intelektlə bağlı məhdud da olsa konkret razılaşmalar əldə etsələr, bu, münasibətlərdə sabitləşdirici təsir yarada bilər. Lakin əsas strateji fikir ayrılıqları aradan qalxmadığından, mümkün razılaşmaların daha çox taktiki və mərhələli xarakter daşıması gözlənilir”.