Tramp Ukraynanın arxasından çəkilir? – Putinə QƏFİL reveransın SƏBƏBİ
“Rusiya hər gün Ukraynanı raketlər və dronlarla bombardman etdiyi bir vaxtda, Vaşinqton Kremlin mövqelərinə yaxınlaşır. ABŞ-də Konqresə seçkilərə bir aydan az vaxt qalmış Prezident Donald Tramp ölkədə benzinin yüksək qiymətini aşağı salmaq məqsədilə Kreml rəhbəri Vladimir Putinlə milyardlarla dollarlıq dizel tədarükü sazişi bağlayır”.
Bu barədə "Bild" nəşri yazıb və qeyd edib ki, bu, Putinin hərbi büdcəsi üçün əsl hədiyyədir.
Məlumata görə, ümumilikdə Rusiya bir neçə ay ərzində ABŞ-yə 4,8 milyon tonadək dizel yanacağı çatdırmalıdır - oktyabr ayında ilkin olaraq 300 min ton tədarük nəzərdə tutulur.
Bu anlaşma təbii ki, Rusiyanın hərbi büdcəsinə əlavə milyardlar gətirəcək. “Əgər Rusiya həqiqətən də bəyan edilən həcmləri tədarük edə bilsə, bu sövdələşmə Rusiyanı gücləndirəcək və Ukraynanı zəiflədəcək”, - deyə ekspert nəşrə bildirib.
Az əvvəl Tramp Ukraynada prezidentin dəyişdirilməsinə çağırış edib. Amerika lideri bildirib ki, Zelenskinin Rusiya ilə müharibəni bitirmək üçün "çoxlu" imkanları olub, lakin o, "bunu etməməyi seçib".
Bu arada Tramp Rusiya və Ukrayna arasında energetik atəşkəsin elan olduğunu iddia edib. Maraqlıdır ki, Zelenski xəbərin onun üçün qəfil olduğunu deyib. Bununla belə, buna hazır olduğunu söyləyib.
Nə baş verir? Trampın yeni sövdələşməsi və hədəsi Ukraynanın hərbi müdafiə qüdrətinə, ümumiyyətlə, müharibəni uğurla davam etdirməsinə neqativ təsir göstərə bilərmi?
Hərbi ekspert Əfrahim Təhməzov Musavat.com-a deyib ki, Vaşinqton və Moskva arasında baş verənlər, xüsusilə Donald Trampın Vladimir Putinlə elan etdiyi dizel tədarükü sövdələşməsi və Kiyevə qarşı sərtləşən bəyanatları Rusiya-Ukrayna müharibəsinin geosiyasi dinamikasında dərin strateji dönüş nöqtəsidir: "ABŞ-də yaxınlaşan Konqres seçkiləri fonunda daxili bazarda yanacaq qiymətlərinin kəskin artması Donald Tramp administrasiyası üçün əsas siyasi zəifliyə çevrilib. Tramp üçün daxili seçicinin diqqətini qazanmaq və inflyasiya təzyiqini azaltmaq hazırda xarici siyasətdəki uzunmüddətli strateji maraqlardan daha prioritetdir.
Nəticədə Vaşinqton, Rusiyadan milyardlarla dollar dəyərində dizel yanacağının idxalı barədə razılığa gəlməklə Kremlin enerji sanksiyalarından yayınmasına faktiki şərait yaradır. Bu addım "Amerika Birinci" (America First) doktrinasının bariz daxili nümunəsidir – daxili yanacaq qiymətlərini ucuzlaşdırmaq naminə müttəfiqlərin təhlükəsizlik maraqları ikinci plana keçirilir".
Hərbi ekspert deyib ki, bu razılaşma və ardınca gələn siyasi bəyanatlar Kiyev üçün həm hərbi, həm də maliyyə baxımından kəskin neqativ nəticələr doğurur: "Rusiya tərəfinin dizel satışından əldə edəcəyi əlavə milyardlarla dollar birbaşa hərbi sənaye kompleksinin və cəbhədəki əməliyyatların maliyyələşdirilməsinə yönələcək.
Trampın Ukraynadan Rusiyanın neft-qaz və dizel infrastrukturlarını vurmağı dayandırmağı tələb etməsi Kiyevin ən təsirli cavab zərbəsi mexanizmini əlindən alır. Ukraynanın Rusiyanın dərinliklərindəki yanacaq depolarını sıradan çıxarmaq strategiyası Moskvanı logistik çətinliyə salırdı; bu təzyiqin aradan qaldırılması cəbhədə Rusiya ordusunun təminatını əhəmiyyətli dərəcədə rahatlaşdırır. Təmaslar zamanı belə bir sövdələşmənin elan olunması və energetik atəşkəs təzyiqi Kiyevin diplomatiya masasındakı mövqeyini sarsıdır".
Hərbi ekspert bildirib ki, Trampın "energetik atəşkəs" iddiaları və Zelenskinin müharibəni bitirmək fürsətlərini qaçırdığına dair ittihamları Vaşinqtonun münaqişədən çıxış strategiyasının göstəricisidir: "ABŞ administrasiyası müharibəni hər hansı şərtlə dondurmaq və Rusiya ilə iqtisadi münasibətləri qismən bərpa etmək xətti götürür. Zelenskinin bu şərtlərə müqavimət göstərməsi Vaşinqtonun narrativində onu "sülhə mane olan tərəf" kimi qələmə vermək cəhdlərinə gətirib çıxarır. Baş verənlər ABŞ-nin Ukrayna siyasətində kəskin taktiki geri çəkilməsini nümayiş etdirir. Vaşinqtonun Moskva ilə ayrı-ayrı iqtisadi və strateji bazarlıqlara girməsi Ukraynanı faktiki olaraq güc nisbətinin əleyhinə olduğu bir şəraitdə tək buraxmaq riski yaradır.
Əgər bu kurs davam edərsə, Ukrayna cəbhədə hərbi təşəbbüsü qoruyub saxlamaqda kəskin çətinliklərlə üzləşəcək, Avropa müttəfiqləri isə təhlükəsizlik yükünü təkbaşına daşımaq və ya Vaşinqtonun diktə etdiyi kompromislərlə razılaşmaq seçimi qarşısında qalacaqlar".