Tural Abbaslı: “Bakıda manatlıq taksilərin fəaliyyəti məhdudlaşdırılsa, işsizlərin sayı dəfələrlə çoxalacaq”
Ağ Partiyanın sədri Tural Abbaslı paytaxt ərazisində fəaliyyət göstərən 1 manatlıq taksilərin ləğv ediləcəyi barədə məsələyə münasibət bildirib.
T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, məsələyə müxtəlif aspektlərdən yanaşmaq lazımdır.
Partiya sədri qeyd edib ki, problemin həlli yolları axtarılmalıdır: “Şəhərin onsuz da bərbad vəziyyətdə olan nəqliyyat infrastrukturu, tıxaclar, hərəkətin məhdudlaşdırılması problemlərindən danışılır. Əsaslandırılır ki, 1 manatlıq, yaxud sifariş taksilərin fəaliyyəti şəhərdə sıxlıq, yollarda tıxac yaradır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, neçə ailə buradan çörək qazanır. Onsuz da işsizlik problemi var. Takislərin fəaliyyəti məhdudlaşdırılsa, işsizlərin sayı dəfələrlə çoxalacaq. Görünən budur ki, dövlətdə yeni iş yerlərinin açılması istiqamətində o qədər də uğurlu işlər görülmür. Düşünmürəm ki, dövlətin bu məsələyə müdaxilə etməsi, “bağlayarıq, asarıq-kəsərik, qadağan edərik” ritorikası doğrudur. Bunu hansısa yolla tənzimləməyin metodları axtarılmalıdır. Bir güvəyə görə yorğanı yandırmazlar... Yolda sıxlıq yaranır deyə, manatlıq taksiləri ləğv etmək taksi sürücüləri ilə yanaşı, sərinişinlərə də çətinlik yaradacaq. Məsələni qaydaya salmağın yolları axtarılmalıdır. Ümumiyyətlə, qadağaların qəti əleyhinəyəm. İlk növbədə vətəndaşımızın qazancını düşünməliyik. İnsanlar ac qalmasın, evlərinə bir çörək aparsınlar, kommunal xərclərini ödəyə bilsinlər, bundan sonra komfort, tıxac və s. məsələlərdən danışmaq olar. Amerika kəşf etməyə ehtiyac yoxdur. Dünyanın bir çox yerlərində bu məsələ tənzimlənib, qaydasına qoyulub. Biz də uğurlu nümunələr əsasında problemi aradan qaldıra bilərik. Mütləq kimlərinsə çörəyinə bais olmağı doğru hesab etmirəm...”