Tural Gəncəliyev: Ermənistan elitası konstitusiya dəyişikliyi və qonşu ölkələrə ərazi iddialarından imtina etməli olduğunu başa düşməlidir
Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında çıxış edən deputat Tural Gəncəliyev Qurtuluş günü haqda danışıb. O, bildirib ki, tariximizin zirvəsini yaşadığımız dövrdə Milli Qurtuluş gününü qeyd etməyimizin əhəmiyyəti var.
Daha sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasına toxunan deputat qeyd edib ki, Ermənistan elitası konstitusiya dəyişikliyi və qonşu ölkələrə ərazi iddialarından imtina etməli olduğunu başa düşməlidir. Gəncəliyev deyib ki, bunda fobiyaya ehtiyac yoxdur.
"İkinci dünya müharibəsindən sonra Almaniya və İtaliya öz konstitusiyalarına dəyişiklik etmişlər. Fransa 1947-ci ildə öz konstitusiyasına dəyişiklik etmişdir. Ermənistan rəhbərliyi dünya təcrübəsindən istifadə etməli və konstitusiyasını dəyişməlidir. Əgər bundan imtina edərsə onun post müharibə dövründə normallaşmada nə qədər səmimi olduğu üzə çıxacaq", deyə Gəncəliyev fikrini səsləndirib.
"Avropa parlamentindəki seçkilərə də toxunmaq istərdim. Avropa seçkiləri ürəkaçan olmadı, sağ ifratçı qüvvələr seçkiləri qazandılar, bu isə o deməkdir ki, orada islamofob siyasət üstünlük təşkil edəcək", deyən Tural Gəncəliyev fikrini yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az