"Turan ordusunu - Türk Dövlətləri Təşkilatının hərbi blokunu qurmaq zamanıdır" - TURAB RZAYEV
"Çünki gec-tez Azərbaycan və əsas strateji müttəfiqimiz Türkiyə seçim qarşısında qala bilər"
"İsrail və Anqlosakson blok artıq İranın proksilərini Yaxın Şərqdən yığışdırmağa başlayıblar. Qərar verilib. İrana aid bütün hərbi birliklər Zaqris dağından Şərqə köçürülməlidir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Turab Rzayev bildirib.

Siyasi şərhçinin qənaətincə, İran XİN rəhbəri Abdullahiyanın Suriya səfəri ərəfəsində ölkənin 2 əsas hava limanının vurulması boşuna deyildi: "İran XİN Suriya səfərini həyata keçirə bilməyib, məcburi Livana enməli oldu. Mesaj aydın verildi: İranın bölgədə at oynatmasına daha bundan sonra icazə verilməyəcək. Hətta Suriya ilə görüşüb, növbəti addımı atmağa da. Digər maraqlı cəhət bölgədəki ABŞ donanmasının və aviasiyasının durmadan güclənməsidir. Aydın məsələdir ki, İsrailin belə bir köməyə ehtiyacı yoxdur. Bəs onda əsl məqsəd nədir? Bir çox hərbi təhlilçilərə görə, əslində Suriyadakı limanları İsrail yox, təyyarədaşıyan gəmilərdən qalxan, ABŞ qırıcıları vurmuşdu. Həm də Hələb İsraildən 900 km uzaqlıqda yerləşir, bu da onu kifayət qədər uzaq hədəf edir. Rusiyanın Suriyanın bombalanmasına reaksiyası çox sərt oldu. Bunu müharibə arealını genişləndirmə ehtimalı olan çox radikal hərəkət olaraq gördülər. İsrailə açıq şəkildə hədə-qorxu gəldilər. Ancaq İsrail bu təhdidi ciddiyə almadı və heç bir səbəb göstərmədən Suriyanı yenə də bombaladı".
Turab Rzayevin sözlərinə görə, Yaxın Şərqdə baş verənlər artıq Ukraynada müharibə öncəsi baş verən siyasi prosesləri xatırladır: "Dünya şərti olaraq 2 bloka bölünüb: ABS-Britaniya-İsrail və Rusiya-Çin-İran. Və bloklar arasında şimalda Ukraynada, cənubda isə Fələstində faktiki olaraq müharibə getməkdədir. Tərəflər sülhə yaxın görünmürlər. ABŞ açıq şəkildə Rusiya və İranın olmadığı bir təhlükəsizlik arxitekturasından danışır. Rusiya isə yeni müasir və analoqu olmayan silahları olduğunu bildirir. Bütün bunların tən ortasında da biz yerləşirik. Şimalda və cənubda dünya müharibəsi baş verdiyi halda, mərkəzdə sabitlik və sülh mümkün deyil. Gürcüstan "3+3" formatından boşuna imtina etmədi. Ermənistanı mümkündür ki, təkcə bizə qarşı silahlandırmırlar. Bu arada, ABŞ səfiri Daniel Roseblum Qazaxıstanda NATO-nun Sülhməramlı Əməliyyatlar Mərkəzini açıb. O, Qazaxıstan Respublikasının hərbçiləri üçün NATO standartlarına uyğun təlim keçəcək. Görünür ki, mübarizəni, hətta müharibəni Rusiyanın yumşaq qarnına, Orta Asiyaya keçirirlər. Gec və ya tez Azərbaycan və əsas strateji müttəfiqimiz Türkiyə də seçim qarşısında qala bilər. İndi isə ən ideal çıxış yolu var gücü ilə Turan ordusunu - Türk Dövlətləri Təşkilatının hərbi blokunu qurmaq zamanıdır. Başqa çıxış yolu hələ ki, görünmür. ABŞ-ın yeganə məqsədi təkcə İsrailin müdafiəsi deyil. Əsas məqsəd İranı bir təhdid kimi ortadan qaldırmaqdır. Rusiya və Çin ya ən böyük partnyorlarını qurban verəcəklər, ya da daha geniş coğrafiyada dünya müharibəsinin tərəfi olacaqlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az