📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Turist “vasitəçilərin” son səfəri – Azərbaycana niyə gəlirlər?

2021-10-02 15:33:00

Turist “vasitəçilərin” son səfəri – Azərbaycana niyə gəlirlər?

“Ermənistan rəhbəri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazırdır”. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İTV-yə açıqlamasında deyib.

Yada salaq, az öncə “France 24” telekanalına məlum müsahibəsində İlham Əliyev bildirmişdi ki, əgər ATƏT-in Minsk Qrupu həmsədrləri iki ölkə rəhbərlərinin görüşünü təşkil edərlərsə, buna etirazı olmayacaq. Ancaq eyni müsahibədə onu da xüsusi vurğulamışdı ki, Azərbaycan üçün “Dağlıq Qarabağ” adlı münaqişə mövcud deyil və Bakı Qarabağdakı 25 minlik erməni əhaliyə muxtariyyət də daxil, heç bir xüsusi status tanımayacaq.

Bu mesaj təbii ki, ən əvvəl Minsk Qrupunun həmsədr ölkələrinə ünvanlanmışdı. Yəni keçmişlə boş yerə əlləşməkdənsə, ciddi işlə məşğul olsunlar.

Məsələn, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hərəkətə keçsinlər, İrəvana təzyiq rıçaqlarını işə salsınlar, çünki Bakı müharibə bitəndən dərhal sonra sülh müqaviləsi təklif eləsə də, İrəvan buna müsbət cavab vermir və hələ də ölkəmizə qarşı ərazi iddiası ilə çıxış edir. Özü də xarici havadarlarına arxayın olaraq.

Azərbaycan rəhbəri Paşinyanla görüş istəyini də məhz bu kontekstdə dilə gətirmişdi. Di gəl, erməni tərəfi belə bir xoş məramı da az qala, Bakının zəifliyi kimi şərh eləməyə başlayıb; Paşinyanla görüşə razılığı Qriqoryan “Dağlıq Qarabağ konfliktinin bitmədiyinin Bakı tərəfindən etirafı” kimi yozub. Guya Əliyev-Paşinyan görüşünün gündəliyini də Qarabağ mövzusu təşkil edəcək. “Ac toyuğun yuxuda darı görməsi” məsələsi yəni.

Sözsüz ki, absurd gözləntidir. Doğru, konflikt bitməyib. Lakin söhbət Qarabağ konfliktindən yox, Azərbaycanla Ermənistan arasında konfliktdən gedir. Çünki iki ölkə arasında müharibə bitsə də, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmayıb, sərhədlərin delimitasiyası, demarkasiyası aparılmayıb.

Zərrəcə şübhə eləmirik, baş tutacaq Əliyev-Paşinyan görüşünün əsas gündəliyi yalnız bu ola bilər və olacaq. Bir də bəzi humanitar məsələlər və mina xəritələri məsələsi. Vəssalam.

Ayrı sözlə, Bakı sadəcə, MQ həmsədrlərinə daha bir, yəqin ki, sonuncu şans verib ki, nəhayət, faydalı bir işlə məşğul olsunlar, havanı boş yerə “silkələməsinlər”, “stəkanda fırtına” yaradıb erməni revanşistlərə yalançı dəstək, qol-qanad verməsinlər, əksinə, beynəlxalq hüquqa sayğı göstərib də iki ölkənin, iki qonşu xalqın barışığına yardım göstərsinlər. Gerçəkdən vasitəçi olmaq niyyətlərində səmimidirlərsə, bunun vasitəçiliyini eləsinlər...

Bölgəyə gəlmək istəyən “ həmsədrlərə və İrəvana bu yerdə zəruri xatırlatma: keçmiş DQMV 30 il öncə - 1991-ci ildə ləğv edilib. Azərbaycan Konstitusiyasında da “Dağlıq Qarabağ” ifadəsi yoxdur. 2021-ci il iyulun 7-də isə Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması haqda imzaladığı fərmanla məsələyə birdəfəlik nöqtə qoyub: Azərbaycan daxilində artıq yalnız Qarabağ var – o da iqtisadi-coğrafi anlamda.

İndi belə çıxır, “Şeytan yuvası” Xankəndində bir ovuc erməniyə xüsusi status, imtiyaz vermək üçün həm ölkə başçısının qərarı ləğv olunmalı, həm də konstitusiyamız dəyişməlidir? Təbii ki, Azərbaycan buna getməyəcək.

Birinci, bu, bölgənin açar dövləti kimi Azərbaycanın özü-özünə hörmətsizliyi, beynəlxalq aləmdəki avtoritetinə böyük zərbə, kapitulyant Ermənistanın isə ciddi siyasi-diplomatik uğuru olardı. Ən əsası, nəyin, kimin xətrinə və ya nəyin qarşılığında (Ermənistandan qovulan əhalimizə simmetrik muxtariyyət verilməsininmi) qarşılığında buna getməliyik? Yoxsa öz əlimizlə Azərbaycanın altına növbəti “gec partlayan bomba” qoymağımızı istəyirlər?

Aydındır ki, belə bir şey gözlənilmir. Azərbaycanda hakimiyyətdə kim olur-olsun, erməni separatizmindın böyük bəlalar görmüş, on minlərlə övladını şəhid vermiş Azərbaycan xalqı ən əvvəl buna izn verməz. Əgər bu xalq 30 illik işğal dövründə belə bir şeyə razı olmadısa, səbirlə gözlədisə, böyük hərbi Zəfərdən, öz ərazi bütövlüyünü demək olar, təmin elədikdən sonra razı olacağını xəyal eləmək tər-təmiz axmaqlıqdır...Musavat.com