📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türk dövlətləri arasında etimadı zəiflətməyə çalışırlar" - Professor Ahmet Uysal

2026-10-10 19:12:20

Son günlər süni şəkildə Azərbaycan və Türkiyə arasında gərginlik yaratmaq cəhdləri hiss olunur. Həm Türkiyədə, həm də Azərbaycanda bəzi şəxslər bu istiqamətdə fəallıq göstərirlər.  Dünən Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi  açıqlama yayaraq Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.

Qeyd olunub ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.

Bununla bağlı Orta Şərq Araşdırmaları Mərkəzi (ORSAM) rəhbəri, professor Ahmet Uysal da "AzPolitika"-ya açıqlama verib.

Onun sözıərinə görə, Türkiyə ilə türk dövlətləri arasında münasibətlərin dərinləşməsi, xüsusilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin möhkəmlənməsi regionda geosiyasi maraqları olan bəzi ölkələrdə narahatlıq doğurur: " Bu prosesə yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də Türk dünyasının siyasi və iqtisadi əməkdaşlığının genişlənməsi baxımından yanaşmaq lazımdır".

Uysalın mövqeyinə görə, Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönələn cəhdlər iki ölkənin yaxınlaşmasını istəməyən qüvvələrin maraqlarına xidmət edir. Onun fikrincə, bu cür addımları Türk dövlətləri arasında etimadı zəiflətmək və onların ortaq fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar.

Professor vurğulayır ki, Azərbaycan-Türkiyə münasibətləri müvəqqəti siyasi maraqlara deyil, dərin tarixi, mədəni və milli bağlara söykənir. İki ölkənin strateji müttəfiqliyi həm onların milli maraqlarına, həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Uysal hesab edir ki, Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışan qüvvələrin cəhdləri bu münasibətlərin fundamental əsaslarını dəyişə bilməz. Bununla yanaşı, o, ictimai müzakirələrdə iki ölkəyə qarşı mənfi münasibət sərgiləyən və onların yaxınlaşmasına mane olmağa çalışan dairələrin fəaliyyətinə diqqət yetirilməsinin vacibliyini qeyd edir.

"Regiondakı geosiyasi rəqabət də Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərən amillərdən biridir. Xüsusilə İranın regional nüfuzunu genişləndirmək siyasəti və Cənubi Qafqazdakı proseslər ətrafında yaranan fikir ayrılıqları Bakı ilə Ankara arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır" - deyə, Uysal bildirib .

Uysalın yanaşmasına görə, Azərbaycanın milli maraqları və regional təhlükəsizlik məsələləri Türkiyə ilə münasibətlərdə mühüm yer tutur: "Qarabağ münaqişəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda region ölkələrinin mövqeləri də Azərbaycan-Türkiyə əməkdaşlığının əhəmiyyətini müəyyənləşdirən amillərdəndir".

Professorun fikrincə, Azərbaycanla Türkiyənin yaxınlığına qarşı yönələn cəhdlərə baxmayaraq, iki ölkənin əməkdaşlığının davam etməsi üçün ciddi tarixi və strateji əsaslar mövcuddur: "Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə qarşılıqlı maraqlarla möhkəmlənir.  Azərbaycan-Türkiyə qardaşlığı regional siyasətin dəyişən şərtlərindən daha geniş məna daşıyır. İki dövlətin ortaq maraqları və tarixi bağları onların strateji tərəfdaşlığının gələcəkdə də inkişafı üçün zəmin yaradır. Bu münasibətləri zəiflətməyə yönələn cəhdlərin uğur qazanması real görünmür".