Türk seriallarında Azərbaycan, onun böyük tarixi niyə aşağılanır?
Sınaqdan keçmiş dostluqlar, ailədaxili münasibətlər belə həmişə hamar olmur və problemsiz ötüşmür. Bu mənada Azərbaycanla Türkiyə arasında tarixi köklərə, uzunmüddətli dostluğa söykənən münasibətlərdə də ziddiyyətli məqamların meydana çıxması normaldır. Normal olmayan, mövqelər toqquşanda- müxtəlif səviyyələrdə gedən polemikalarda, xüsusən qarşı tərəfin dostluğu zədələməyə hesablanmış zərərli fikirləri və sağlam müzakirə çərçivəsindən kənara çıxmasıdır. Daha da normal olmayan - maraqların toqquşmadığı vaxtlarda belə Türkiyədə müəyyən çevrələrin həmişə Azərbaycanı necəsə incitmək, aşağılamaq cəhdidir. Belə yanaşma özünü xüsusən müxtəlif populyar türk seriallarında da göstərir.
Vaxtilə çox izlənən “Yaxşı Cazibə” (2010-2012-ci il istehsalı) serialının əsas qəhrəmanlarından biri azərbaycanlı qadın idi. Cazibə bütün serial boyu vicdanlı, səmimi, fədakar kimi xarakterizə edilsə də, nədənsə, ssenaristlər finalda azərbaycanlı qadını maddi maraqlar naminə ailə quran, bu məqsədlə müxtəlif millətdən kişilərə-ingilisə, yapona fırıldaq gələn personaja çevirir. Təbii ki, istənilən cəmiyyətdə oxşar xarakterli insanlar illah ki var. Və istənilən bədii məzmun müəyyən mənada həyat materialına söykənsə də, son nəticədə əsərdəki, xarakterlərdəki əsas vurğu məhz müəllifin təxəyyülündən doğur...
Problem odur ki, türk serial sənayesinin çiçəkləndiyi dövrdə populyarlıq qazanmış, xarici ölkələrə satılmış “Yaxşı Cazibə”də - ilk dəfə bir türk serialında baş qəhrəman azərbaycanlı seçilir və.... o, axırda fırıldaqçı çıxır. Üstəlik də fırıldaqçı xarakter qadın obrazı üzərində qurulur.
Nə qədər gender bərabərliyindən danışsaq da, bizim mental və mədəni dünyamızda ailəyə, mənəvi dəyərlərə və qadın obrazına münasibət həmişə özünəməxsus həssaslığı ilə seçilib. Bizimlə ortaq dəyərləri, ortaq kökü və eyni dini bölüşən xalqın, kütləvi bədii məhsulda bizi “qadınla” vurmağı ən azı qeyri-etik idi. Ona görə həmin dövrdə final haqlı olaraq, sosial və ənənəvi mediada etiraz xarakterli müzakirələrə yol açdı.
Yuxarıda dediyim kimi Cazibə, türk serillarında ilk əsas azərbaycanlı obraz idi. Bunadək və sonralar da türk seriallarında azərbaycanlı surətlər ikinci planlarda və ya epizodlarda yer alıblar. Məsələn, “Min bir gecə”də (2006-2009) Məlahət Abbasovanın canlandırdığı azərbaycanlı dayə nəinki ikinci, hətta üçüncü dərəcəli idi və o, əsasən müti, zavallı kimi təsvir olunmuşdu.
Siyasi yönümlü, həmçinin tarixi türk seriallarında isə azərbaycanlılara birbaşa və ya dolayı neqativ münasibət dövlətçilik, milli kimlik kontekstində meydana çıxır. “Kurtlar vadisi”nin (2003-2005) 22-ci bölümündə mafiya ilə əlaqəli iş adamı Mehmet Karahanlının “azərilər pulu çox sevir” replikası ilə yenə həmin bölümdə başqa bir mafiya üzvünün öz işçisinə "Bax canım, çeçendən canını, türkdən arvadını, azərbaycanlıdan pulunu qoruyacaqsan” məsləhətinin mahiyyəti eynidir: yəni hər iki vəziyyətdə azərbaycanlılar pul hərisi kimi qələmə verilir. Halbuki, pul-mal hərisliyi milli yox, fərdi özəllikdir. Maraqlıdır ki, sözügedən səhnələrdə hər iki personajın replikalarına səbəb verəcək dramaturji vəziyyət, situativ tələb belə nəzərə çarpmır. Lakin niyəsə, ssenaristlər pul hərisliyini azərbaycanlıların simasında ümumiləşdirməyi vacib sayıblar.
“Kurtlar Vadisi Pusu"nun (2007-2016) 213-cü bölümündə isə müəlliflər niyəsə azərbaycanlıları “zəif”, “aciz” kimi qələmə verirlər: Polad Ələmdarın müttəfiqi, keçmiş kəşfiyyatçı Kara Bakıya onlara xəyanət edənləri axtarmağa, siyasi əməliyyat aparmaq üçün gəlir. Onun tərəfdaşı olan azərbaycanlı Karaya deyir: “Biz də sizdən tam ümidimizi kəsirdik. Qardaşlarımız bizi unutdu deyirdik. Tam kül olmuşduq deyərkən, küllərimizdən yenidən doğduq”. Azərbaycanlı personaj bunu deyəndə Karanın üzündə təkəbbürlü, özündənrazı ifadə dolaşır. Sanki serial müəllifləri subliminal mesaj ötürürlər: “Siz azərbaycanlıar bu siyasi coğrafiyada bizim sayəmizdə mövcudsunuz”. Yəqin ona görə, Karanın digər azərbaycanlılarla birləşib hansısa qruplaşmanı məhvi epizodunda, o, daha igid, qorxmaz göstərilir.
“Kurtlar vadisi”nin aşağılma intonasiyası "Möhtəşəm yüz il" (2011-2014) serialında tarix, real şəxsiyyətlər müstəvisində davam etdirilir. Saray toplantısında Sultan Süleymanın hüzurunda Şah İsmayıl Xətainin guya, ona yaltaq fikirlər yazılmış məktubu oxunur. Məktub oxunan əsnada aktyor Halit Ergenc obrazının səslənən cümlələrə münasibətini istehzalı, alçaldıcı üz ifadələri ilə mübaliğəli şəkildə çatdırır. Və saray mirzəsinin "Şah İsmayılamı məktub yazırıq" sualına, Sultan Süleyman kinayə ilə ritorik sualla cavab verir: “Əmirlər nə vaxtdan şah olublar, Çaldıran düzündənmi?” və əmr edir: “Yaz, hökumət və əmirlik sahibi Şeyx İsmayıl Heydər oğlu Səfəvi, Allah sizə doğru yolu göstərsin” və s.
Qəribədir ki, sözügedən səhnədə mirzənin “Şah İsmayılamı məktub yazırıq” sualına qətiyyən ehtiyac yox idi. Çünki bundan öncə Süleyman “məktubun cavabını geçikdirməyək” deyir. Aydındır ki, Sultan Şah İsmayıla cavabı nəzərdə tuturdu. Belə çıxır ki, ssenaristlər mirzənin sualı ilə bir daha qəsdən Şah İsmayl Xətaini aşağılamaq, onun əmir kimi təqdimatına şərait yaratmaq və bunu bütün dünyaya göstərmək istəyiblər. Ssenaristlərin ürəyi soyumur, məktub oxunanda yenə də dramaturji əsas olmadan şahın əsabələri arasında aşağıdakı dialoq xüsusi vurğulanır:
- Necə də mədhiyyələr yazmış padşahımıza.
- Qos-qoca cihan padşahımıza başqa necə xitab edəcək ki?
Ssenari xətalarına yol verən, vəziyyətə bəraət tapa bilməyən ssenaristlərin Xətaini nüfuzdan salmaqda məqsədi nə idi? Bəlkə bu, nəhəng imperiyasını qoruya bilməməyin, imperialist keçmişə xiffətin əlamətləridir?
Keçmişə xiffət serialın növbəti bölümlərində də görünür və bu dəfə Şah İsmayılın oğlu Təhmasib hədəfə alınır. 65-ci bölümdə Sultan Süleymanın vəziri İbrahim Paşa Şah Təhmasibi lağa qoyur: “Heç bir Osmanlı bəyi Təhmasiblə hünkarımızı müqayisə edə bilməz. Göy üzündə necə ki bir günəş var, yer üzündə də tək imperator var və o, Sultan Süleymandır”.
Üstəlik, azərbaycanlı hökmdarlar nəinki xaraktercə, həmçinin zahirən pis təqdim olunur. “Möhtəşəm yüz il”də Şah Təhmasib, “Mehmet: Fatihlər Sultanı” (2024) serialında isə Həsən bəy Bayandur türk sultanlarından fərqli olaraq, zahiri cəhətdən xoş olmayan, qeyri-simpatik təsvir edilir. Təhmasib bir az donqar, saçı-başı pintidir, qulağındakı sırğa Bakının aksesuar dükanlarında satılan 4-5 manatlıq sırğalarını xatırladır, qrimçi nədənsə onu gözlərinə qələmi tünd, qabarıq çəkərək obrazı daha da qorxunclaşdırıb.
Həsən bəy Bayandur isə bir tarixçimizin dediyi kimi, geyimi, görkəmiylə hind racalarına oxşadılıb. Serialda Venesiya elçisinin Həsən bəy Bayandurun hüzuruna ayaqyalın, başıaçıq, aşağı əyilərək, sürünərək gəlməsi epziodu isə yalnız tarixi reallıq baxımından yox, diplomatiya mədəniyyətimizin təqdimatı baxımından da doğru deyil. Belə bir təsvir Azərbaycan dövlətçilik və diplomatik ənənələrinin aşağılanması kimi qəbul edilməlidir.
Həmçinin, Sara Xatun obrazına botoks müdaxilələri açıq görünən, təbiilikdən uzaq və vulqar görkəmli bir aktrisanın seçilməsi də ən azı estetik və tarixi obrazın təqdimatı baxımından qeyri-etikdir.
İstər-istəməz sual yaranır: niyə söhbət Azərbaycanla bağlı tarixi şəxsiyyətlərdən gedəndə onların zahiri görünüşü, geyimi, davranışı və ekran energetikası onları qeyri-simpatik, kobud və ya ekzotik göstərən detallarla müşayiət olunur? Halbuki, eyni seriallarda türk hökmdarlarının xarakter və vizual təqdimatı müsbət mənada fərqli həll edilir.
“Mən bu cahana sığmazam” (2022-2024) serialının 32-ci bölümündə isə Azərbaycan xəritəsi təhrif edilmiş, Naxçıvan Azərbaycanın tərkibində göstərilməmişdi. Ölkəmizdəki ictimai narazılıqdan sonra istehsalçı şirkət bunun texniki xəta olduğunu bildirərək üzr istəmiş, bölümün növbəti təkrar yayımında xəritə düzəldilmişdi.
Türk serial sənayesi artıq uzun illərdir böyük büdcəli, geniş auditoriyaya hesablanmış və bütün detallara diqqət yetirən peşəkar komandaların çalışdığı nəhəng bir sahədir. Ona görə, Azərbaycan xəritəsinin kobud təhrifi istər-istəməz sual doğurur. Xəritə hər halda dekorativ detal deyil. Xüsusilə, Türkiyə ilə yaxın münasibətləri olan bir ölkənin coğrafiyasının yanlış təqdimatı texniki səhvdən daha həssas məna daşıya bilər.
Yuxarıdakı nümunələr, türk seriallarında Azərbaycanla bağlı detalların nə dərəcədə diqqətlə yoxlanıldığını, həssasiyyətini, tarixə münasibətini və obyektivliyini göstərir.