📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Azərbaycanda neft axtarışında – Nazirin o açıqlaması...

2026-10-19 20:16:58

Türkiyə Azərbaycanda neft axtarışında – Nazirin o açıqlaması...

Türkiyənin milli neft və qaz şirkəti TPAO 2028-ci ilə qədər neft hasilatını gündə 1 milyon barelə çatmağı planlaşdırır.

Hurriyyet.net  xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin ilk üzən neft və qaz hasilatı platforması olan Osman Qazinin Qara dənizdəki bir yatağa buraxılış mərasimində deyib.

Nazirin sözlərinə görə, son beş ildə yeni yataqların kəşfi sayəsində TPAO hasilat həcmini ikiqat artıraraq gündə təxminən 300.000 barelə çatdıra bilib. Bayraktar bildirib ki, 2028-ci ilə qədər bu rəqəmi 550 000 barelə çatdırılacaq:

“Ümid edirik ki, gündə 1 milyon barel hədəfinə də çatacağıq. Qara dənizdə yeni qaz və neft yataqları axtarışını davam etdiririk”.

GcqrWiNCYKHWYh43tYUmdHR2iWBOnRHgqjEqigNn_1200.jpg (60 KB)

Nazir həmçinin Türkiyənin xaricdə kəşfiyyat fəaliyyətlərini genişləndirdiyini və Somali, İraq, Azərbaycan, Pakistan, Macarıstan, Bolqarıstan, Oman və Liviyada kəşfiyyat işləri aparıldığını söyləyib.

Qeyd edək ki, ötən il TPAO Azərbaycanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda kəşfiyyat işlərinə qoşulub. İyun ayında şirkət SOCAR və bp ilə “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıb.

Sazişə əsasən, TPAO kəşfiyyat quyularının qazılmasında iştirak etməklə bokun ehtiyatlrının qiymətləndirilməsini sürətləndirməyə kömək etməliydi. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçirilib. Sazişlər imzalandıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 faiz iştirak payına sahib oub— bunun 15 faizi bp-dən, 15 faizi isə SOCAR-dan TPAO-ya verilib. Ona qədər bp və SOCAR HPBS-də hər biri 50 faizlik iştirak payına malik idi.

ClaEd1IC0ESEeifbWZSYa7QUtmRg6LVW78ab3FGx_1200.jpg (65 KB)

Bu ilin sentyabrında Türkiyə tərəfi analoji ortaqlığın “Qarabağ” yatağında da qurulmasında maraqlı olduğunu açıqlayıb. Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən brifinqdə nazir Alparslan Bayraktar deyib ki, TPAO Azərbaycan və Türkiyədə, eləcə də üçüncü ölkələrdə yeni birgə neft-qaz layihələrinin həyata keçirilməsini müzakirə edir. O bildirib ki, SOCAR və TPAO arasında kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır:

“Ötən il “Şəfəq-Asiman”da başlayan əməkdaşlığımızın “Qarabağ”la davam etməsini istəyirik. SOCAR-la həm Türkiyədə, həm Azərbaycanda, həm də üçüncü ölkələrdə birgə həyata keçirə biləcəyimiz kəşfiyyat layihələrini müzakirə edirik və bu istiqamətdə konkret layihələr ortaya qoyacağıq”.

“Qarabağ” yatağı Azərbaycanda müstəqillik dövründə aşkarlanmış yeganə neft yatağıdır. Onun ehtiyatları 2020-ci ildə kəşf edilib. 2025-ci il iyununda Bakı Enerji Həftəsi çərçivəsində BP şirkəti SOCAR ilə "Qarabağ" yatağının işlənməsi layihəsində 35 faizlik payın alınmasına dair saziş imzalayıb. Layihədə qalan 65 faiz SOCAR-a məxsusdur.

BP şirkəti "Qarabağ" yatağı üzrə yekun investisiya qərarını 2027-ci ilin ortalarına qədər qəbul etməyi planlaşdırır. Yataqdan ilk hasilatın isə 2029-cu ildə baş verəcəyi nəzərdə tutulur. "Qarabağ" yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından20-25 km məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bunun da 21 ton neft və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Nazirin açıqlamasından aydın olur ki, Türkiyə şirkəti bu yataqda da SOCAR-dan pay almaq niyyətindədir.

Qeyd edək ki, TPAO ilə SOCAR neft kəşfiyyatı və qazma sahəsində əməkdaşlığı uzunmüddətlidir. 2022-ci ildə Türkiyə şirkəti Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrasını SOCAR-ın “Kompleks qazma işləri” trestinə (KQİT) həvalə edib. TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb. Layihə çərçivəsində Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusu qazılıb.

rVheBmE55av4rU33K2ppcztli8uQk0eLWLQIPp5S_1200.jpg (120 KB)

2023-cü ildə SOCR-ın törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə), TPAO ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzalayıb. Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri təmin edib.

Bu ilin avqustunda TPAO Adıyaman və Şanlıurfa vilayətlərində neft yataqlarının kəşfiyyatı üçün beşillik lisenziya alıb. Eyni zamanda, TPAO-nun Batman, Mardin, Siirt, Kırklareli və Tekirdağ vilayətlərində yataqların işlənməsi ilə bağlı icazəsinin müddəti 2028-ci ilədək uzadılıb. Şirkətin bu yataqlardakı işlərə SOCAR-ı yenidən cəlb etməsi istisna olunmur.

TPAO-nun xaricdə daha bir kəşfiyyat-hasilat layihəsi İraqdadır. Şirkət bu ilin iyulunda Şimali İraqın Kərkük bölgəsində neft yataqlarını istismar edən BP-nin rəhbərlik etdiyi konsorsiumda 15 faizlik pay əldə edib. Müqavilə 28 iyul 2026-cı ildə İraqın Baş naziri Əli əl-Zeydinin səfəri zamanı Ankarada imzalanıb. Müqavilə Kərkük yatağındakı Baba və Avana neftli strukturların, eləcə də ətrafdakı Bai Hassan, Cambur və Habbaz yataqlarının konfiqurasiyasını əhatə edir. Layihənin ilkin mərhələsinin genişləndirmə potensialı ilə 3 milyard funt sterlinqdən çox investisiya cəlb etməsi gözlənilir. Müqavilə başa çatdıqdan sonra səhmdarlar aşağıdakı kimi olacaq: BP — 43 faiz, ConocoPhillips — 42 faiz, TPAO — 15 faiz.

Xatırladaq ki, 2020-ci illərdə TPAO Qara dənizdə qaz yataqları kəşf edərkən kəşfiyyat işlərinə SOCAR-ın da cəlb olunacağına dair məlumatlar yayılmışdı. Hələlik bu istiqamətdə hansısa addımın atıldığını görmək mümkün deyil. TPAO özü ötən il Norveçin Eldorado Drilling şirkətindən ümumi dəyəri 490 milyon dollar olan iki yeddinci nəsil qazma qurğusu, - West Dorado və West Draco-nu alıb. Hər iki gəmi tikildiyi vaxtdan bəri boş dayanıb və indi hər birinin bərpası üçün əlavə 75 milyon dollar və ya daha çox vəsait tələb olunacaq.

Beləliklə, Türkiyə dünyanın dördüncü ən çox sayda dərinsulu kəşfiyyat gəmisi olan ölkəyə çevrilib.