📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Bosniya və Hersoqovina ilə hərbi əməkdaşlığı genişləndirir

2022-12-14 14:00:00

Türkiyə Bosniya və Hersoqovina ilə hərbi əməkdaşlığı genişləndirir

Bosniya və Hersoqovinanın Müdafiə Nazirliyi ilə Türkiyənin dövlət nəzdindəki hərbi-müdafiə şirkəti ASFAT arasında bu ölkənin Müdafiə Nazirliyinin inventarında olan tank və zirehli texnikanın servisinə dair müqavilə imzalanıb. Bu barədə Balkan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Müqaviləni Bosniya və Hersoqovinanın müdafiə naziri Sifet Podjiç və ASFAT-ın baş direktoru Esad Akgün imzalayıb.
“Türkiyə hər zaman Bosniya və Hersoqovina silahlı qüvvələrinə yardım etməyə hazırdır. Bu müqavilənin dəyəri təkcə ondan ibarət deyil ki, Bosniya və Hersoqovina Silahlı Qüvvələri bu texnikanın saxlanması üçün ehtiyat hissələri və xidmətlər alacaq, vacib olan odur ki, respublikanın silahlı qüvvələrinin texniki mütəxəssisləri həm də bütün prosesə nəzarət edə biləcək və onların zirehli transportyorlarının və tanklarının gələcək texniki xidməti üçün təlim keçəcəklər”, deyə Türkiyənin Sarayevodakı səfiri Sadiq Babur Girgin açıqlama verib.
Bu arada nazir Podjiç ölkəsi ilə Türkiyə arasında uğurlu əməkdaşlığı qeyd edərək, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə hərbi məktəblərində təlim-tərbiyəsi ilə bağlı göstərdiyi dəstəyə və daimi köməyə görə Ankaraya təşəkkür edib.
Bosniya və Hersoqovinanın Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, respublikanın artıq ASFAT ilə hərbi helikopterlərə, tanklara və zirehli texnikaya texniki xidmət sahəsində uğurlu əməkdaşlıq təcrübəsi var. 

Ülviyyə, Hurriyyet.az