📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə-Ermənistan münasibətləri: tərəflər yanvarın 20-nə qədər işçi qrup formalaşdıracaq İQTİSADİ ƏLAQƏLƏR GƏLƏN İLİN İYULUNDAN BAŞLAYA BİLƏR

2021-12-15 22:51:00

Türkiyə-Ermənistan münasibətləri: tərəflər yanvarın 20-nə qədər işçi qrup formalaşdıracaq İQTİSADİ ƏLAQƏLƏR GƏLƏN İLİN İYULUNDAN BAŞLAYA BİLƏR

Türkiyə və Ermənistan ikitərəfli münasibətlər qurmaq üçün ilk addımları gələn il yanvarın 20-nə qədər atacaqlar. Bu haqda “Habertürk” qəzeti yazır.

Bildirilir ki, Ankarada Ermənistanla münasibətlərin qurulması məsələləri ilə məşğul olacaq işçi qrupun 2022-ci il yanvarın 20-nə qədər formalaşacağı gözlənilir. Hər iki tərəf habelə xüsusi nümayəndələr təyin edəcəklər. Ankarada bu rola 7 mühüm namizəd var. “İki ölkə arasında sağlam münasibətlər qurmaq üçün tərəflər 2022-ci ilin may ayına qədər üçmərhələli yol xəritəsi işləyib hazırlayacaqlar”, - qəzet yazır.

Qəzetin yazarı Çetiner Çetin bildirir ki, onun Irəvanda söhbətləşdiyi rəsmilər baş nazir Nikol Paşinyanın hökumətinin Türkiyə ilə heç bir ilkin şərt irəli sürmədən münasibətləri inkişaf etdirmək istədiyini deyirlər. Məlumata görə, 2022-ci il yanvarın 15-dən başlayaraq işçi qrup və katiblik formalaşacaq, bu katiblik birbaşa Paşinyanla işləyəcək. İrəvan Türkiyə ilə əlaqələri olan şəxslərin sırasından xüsusi nümayəndə təyin etməyi və işçi qrupunun üzvlərini seçməyi planlaşdırır. Xüsusi nümayəndələr tərəflər arasında konsensus əldə ediləndən sonra elan ediləcək.

“İrəvan yanvarın 20-dən etibarən irəli getməyi istəyir. Mənim müşahidələrimə görə, Ankara da bu məsələyə müsbət yanaşır. İndi, əgər hər şey yolunda getsə ilk növbədə çarter reysləri başlayacaq. Başqa sözlə, Ermənistan gələn ilin martından etibarən təmiz hava udacaq. Azərbaycan-Türkiyə-Naxçıvan dəhlizinin açılması da danışıqlar masasının əsas gündəmini təşkil edir. Ankara bu dəhlizin təxminən may-iyun aylarında açılmasını istəyir. Üçüncü mərhələ isə iqtisadi münasibətlərdir. Bu məsələdə hadisələrin iyul ayından başlayaraq inkişaf edəcəyi gözlənilir”, - qəzet yazır.

Xatırladaq ki, iki gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin qurulması üçün xüsusi nümayəndələrin təyin ediləcəyini, çarter reyslərinin başlayacağını açıqlamışdı.\\Virtualaz.org