📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə həm Əfqanıstanda, həm də Mərkəzi Asiyada əsas nüfuz sahiblərindən biri ola bilər" - SAMİR HÜMBƏTOV

2021-08-17 14:47:00

"Taliban Əfqanıstanda hakimiyyətini qoruyub saxlamaq üçün həm daxili, həm də xarici siyasətdə güvənə biləcəyi güc lazımdır ki, burada da Pakistan və Türkiyə ən doğru variant kimi görünə bilər" 

"Taliban Türkiyə ilə bağlı mövqeyini açıqladı. Taliban sözçüsü Süheyl Shaheen Türkiyənin "A Xəbər" kanalına verdiyi müsahibə zamanı bildirib ki, Türkiyə qardaş ölkə, İslam ölkəsidir. Qardaş ölkənin bizimlə olması çox xoşdur. Türkiyə ilə yaxşı əlaqələr qurmağı hədəfləyirik".

Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib. 

Siyasi ekspert Taliban rəsmisinin belə açıqlama verməsinin arxasında bir neçə amilin olduğunu bildirib: "Birincisi, Türkiyə ilə Taliban arasında münasibətlərin normallaşmasında Pakistan faktorunun olduğunu gözardı etmək qeyri-mümkündür. İkincisi, Taliban Əfqanıstanda hakimiyyətini qoruyub saxlamaq üçün həm daxili, həm də xarici siyasətdə güvənə biləcəyi güc lazımdır ki, burada da Pakistan və Türkiyə ən doğru variant kimi görünə bilər. Üçüncüsü, Əfqanıstanın yenidən qurulmasında, xüsusilə də ordu quruculuğu və iqtisadi vəziyyətin normallaşdırılmasında Taliban üçün mümkün güc lazımdır ki, burada da Pakistan və Türkiyə daha mümkün variant kimi görünür. Dördüncüsü, Əfqanıstan daxilində məskunlaşan və əsas etibarı ilə Türkiyəyə bağlı olan Türkmən qüvvələri ilə daha yaxşı dil tapmaq üçün də Türkiyə Talibana çox lazımdır. Beşincisi, Türkiyə Əfqanıstanda mövcudluğunu qoruyarsa, bu hadisə Türkiyənin dünya üçün vacib əhəmiyyətə malik Mərkəzi Asiya regionunda nüfuzunun daha da artmasına şərait yaradacaq. Çin, Rusiya, Hindistan və ABŞ-la yanaşı, Türkiyə də həm Əfqanıstanda, həm də Mərkəzi Asiyada əsas nüfuz sahiblərindən biri ola bilər. Təsadüfi deyil ki, bir neçə gün öncə Pakistanın baş naziri İmran Xan açıqlama verərək Türkiyə və Taliban arasında əlaqələrin yaxşılaşdırılması üçün lazım olan bütün imkanlardan istifadə edəcəklərini bildirmişdir". 

Samir Hümbətovun sözlərinə görə, ABŞ və NATO qoşunlarından sonra Türkiyə nəinki Həmid Kərzai adına Kabil hava limanında, eyni zamanda Əfqanıstanın bəzi bölgələrində təhlükəsizliyin təmin olunmasında xüsusi yer tuta bilər: "Əgər tərəflər arasında razılıq əldə olunarsa və belə addım atılarsa, bu Əfqanıstanda vəziyyətin nisbətən də sabitləşməsində, ölkədən daha çox əfqan qaçqının digər ölkələrə axınının qarşısını ala bilər". 

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az