📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə ABŞ arasındakı yeni yaxınlaşma AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK?

2024-02-01 12:12:47

Türkiyə ilə ABŞ arasındakı yeni yaxınlaşma AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK?

Fuad Qəhrəmanlı: "Azərbaycan bu reallığı nəzərə almasa, o zaman təkcə Qərblə deyil, elə qardaş ölkə ilə də münasibətlər gərginləşə bilər"

"Qərb və Rusiya arasında geosiyasi rəqabətin kəskinləşdiyi bir ərəfədə Azərbaycanın Moskva ilə yaxınlığının ölkəmiz üçün mənfi nəticələri son günlər açıq aydın görülməkdədir. Hazırda Azərbaycan Rusiyanın müttəfiqi kimi Cənubi Qafqazda Qərbin möhkəmlənməsinə və Moskvanın bu regionda təsir imkanlarının zəiflədilməsinə maneə olmaqdadır. Bir neçə gün öncə AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının dondurulması Bakının bu davranışına görə daha sərt tədbirlərə əl atıla biləcəyinə dair xəbərdarlıq kimi də qiymətləndirilə bilər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.

Siyasi şərhçinin qənaətincə, indi Bakı əmin oldu ki, Qərb onun hazırkı strateji seçimini dəyişdirmək üçün daha sərt təzyiqlərə əl atmağa da hazırdır: "Azərbaycan hakimiyyəti belə sərt tələblərlə üzləşəcəyini yəqin ki, gözləmirdi. Bu Azərbaycan iqtidarı üçün artıq yeni situasiyadır. Bu məsələnin ən çətin tərəflərindən biri də budur ki, Bakının Rusiya ilə müttəfiq olması qardaş Türkiyənin də maraqlarına uyğun deyil və bu gün Qərb cinahında yer alan Türkiyə ilə Moskvaya arasında geosiyasi rəqabət kəskinləşməyə doğru gedir. Azərbaycan hakimiyyəti Ukrayna məsələsinə görə Qərb və Rusiya arasında yaşanan qarşıdurmada Türkiyənin Moskva ilə öz ikitərəfli əlaqələrini və bir çox sahələrdə işbirliyini qoruyub saxlanmasından məmnun idi və bu vəziyyəti Qərblə münasibətlərdə özü üçün geosiyasi manevr sahəsi hesab edirdi. Ancaq Rusiyanın Ukraynada hələ ki, dirənməsi və Orta Şərqdə İranla birlikdə mövcud güc tarazlığını ABŞ əleyhinə doğru dəyişməyə çalışması Bayden administrasiyasını Türkiyə ilə münasibətlərə yenidən baxmağa və Ankarayla yaxınlaşmağa vadar etdi. ABŞ rəhbərliyi gördü ki, sahədə Türkiyənin dəstəyi olmadan İran və Rusiyanın Orta Şərqdə güc tarazlığını dəyişmək planlarına dəstək olan Çinin həmlələri qarşısında durmaq getdikcə çətinləşir. O biri tərəfdən də Cənubi Qafqazda Türkiyənin dəstəyi olmadan sülhə nail olmaq və Rusiyanı sıxışdırmaq siyasəti dalana dirənib".

Fuad Qəhrəmanlı hesab edir ki, əgər Qərb bu gün Cənubi Qafqazda geosiyasi üstünlüyü ələ ala bilməzsə, o zaman Mərkəzi Asiya uğrunda rəqabətdə daha böyük çətinliklər qaçılmaz olacaq: "Belə görünür ki, amerikan üst strateji ağlı bütün bunları nəzərə alaraq Türkiyə ilə yaxınlığın Qərbin geosiyasi maraqlarına daha çox fayda verəcəyi qənaətinə gəlib. Düşünmək olar ki, ABŞ-ın bu yeni yanaşmasında Londonun "qlobal Britaniya" geosiyasi layihəsində Türkiyənin əsas regional tərəfdaş kimi nəzərdə tutulması da öz təsirini göstərib. Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsindən sonra Baydenin bu ölkəyə F-16-lar satılması ilə bağlı senata məktub göndərməsi münasibətlərdə yeni bir açılım sürəcinin başlanması kimi də dəyərləndirmək olar. Anlaşmaya əsasən Türkiyənin 79 ədəd bort - 50 F-16 təyyarəsi modernləşdirilərrək bort - 70 səviyyəsinə çatdırılması və 40 ədəd yeni bort 70 F-16 satılması nəzərdə tutulur ki, bunun da toplam dəyəri 5 mlrd dollar edir. 23 milyard dollarlıq anlaşmanın yerdə qalan hissəsi isə ehtiyat hissələri və silah sursat alımı üçün nəzərdə tutulur. Ayda cəmi 4 ədəd "F-16" istehsal edə bilən ABŞ Türkiyənin sifarişlərinin yerinə yetirilməsinə 2028-ci ildən tez başlaya bilməyəcəyinə görə, öncə təyyarələrin blok 70 səviyyəsində moderinləşdirilməsinin həyata keçirilməsi həyata keçiriləcək. Prosesi tezləşdirmək üçün bu işlərin Türkiyənin öz ərazisində görülməsi imkanları nəzərdən keçirilir. Ancaq ABŞ- bort 70-lə bağlı proqram şifrəsini Türkiyəyə vermədiyinə görə Türkiyə öz istehsal etdiyi silah sursat sistemlərini bu yeni alınan F-16 təyyarələrində istifadə edə bilməyəcək. O üzdən də bu anlaşmaya əsasən Türkiyənin öz milli uçağı "Kaan" ordu istifadəsinə verilənə qədər Ankara hərbi-siyasi baxımdan ABŞ-dan aslı vəziyyətdə qalacaq. "Kanın" seriya buraxılışı isə isə 2030-cu ildən tez olmayacaq. Bayden administrasiyasının Konqresə təqdim olunan raporuna görə Türkiyə gələcəkdə Amerikan maraqlarına zidd davranarsa, o zaman 23 milyard dollarlıq F-16 satış müqaviləsi birtərəfli qaydada dayandırıla bilər. Bu isə o deməkdir ki, uğursuz "S-400" təcrübəsindən sonra Türkiyə F-16 alışını risqə atmaq istəməz və buna görə də Orta Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda ABŞ-la kordinasiyalı hərəkət etməyə üstünlük verəcək. Xatırladaq ki, əgər, Türkiyə o zaman bu yanlış addımı atmasaydı indi 11 milyard dollara 100 ədəd 5-ci nəsil F-35 təyyarələri ala biləcəkdi".

Siyasi şərhçinin sözlərinə görə, iki gün öncə ABŞ dövlət katibinin köməkçisi Nuland bildirib ki, hətta Türkiyə F-35-lərin satışı məsələsinə də baxıla bilər: "Bu yaxın dövrdə Ankara və ABŞ-n daha da yaxınlaşmasına imkan saxlayan bir açıqlamadır. Onu da xatırladaq ki, ABŞ-la yaxınlaşmadan sonra Kanada da Türkiyə qoyduğu silah qadağasını aradan qaldırdığını bildirdi. Bütün bunlar onu göstərir ki, Türkiyə bundan sonra bizim regionda Qərblə daha yaxın mövqedən çıxış edəcək və bu halda Rusiya ilə müttəfiq olan Azərbaycan hakimiyyəti ilə qardaş ölkə arasında strateji baxış ayrılıqları yaranması qaçılmaz olacaq. ABŞ-n dəstəyini alan Türkiyə bu gün Orta Şərqdə İranın, Cənubi Qafqazda isə Rusiyanın yerinə iddialıdır. Bu baxımdan Türkiyənin ABŞ-la yaxınlaşması "Tük dövlətləri birliyi" layihəsinin də dəstəkləmməsi üçün geosiyasi zəmin yaradır. Təsadüfi deyil ki, ABŞ dövlət katibini Blinkenlə danışıqdan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gələrək Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına dəstək verdiyini bildirdi. Onun bu mövqeyi indiki halda Rusiyanın maraqlarına və Bakının mövqeyinə zidd görünür. Bu gün ABŞ Türkiyənin hərbi strateji baxımdan güclənib bu regionlarda daha təsirli olmasına və NATO maraqlarını müdafiə etməsinə dəstək verməklə, həm də öz maraqlarını qorumaq imkanlarını artırmış olacaq. Yuxarıda haqqında danışdığım F-16 hekayəsi isə onu təsdiq edir ki, bu məsələdə Türkiyə hələ uzun müddət ABŞ-dan aslı olacaq və buna görə də Ankara öz xarici siyasətində hər zaman bu həssas məsələni nəzərə almalı olacaq. Bu halda Azərbaycan hakimiyyətinin Belarus yolu getməsi Qərblə yanaşı, Türkiyənin də maraqlarına uyğun olmayacaq və o zaman Türkiyə də Bakının bu geosiyasi seçiminə qarşı çıxacaq. Azərbaycan bu reallığı nəzərə almasa, o zaman təkcə Qərblə deyil, elə qardaş ölkə ilə də münasibətlər gərginləşə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az