"Türkiyə ilə müharibə eləsək, meydanda tək qalarıq" - Yunanıstandan açıqlama
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yunanıstanın keçmiş Müdafiə naziri və Baş Qərargahının keçmiş rəisi Yevangelos Apostolakis Türkiyə ilə müharibə ehtimalının riskli olduğunu, Türkiyə ilə müharibə edəcəyi təqdirdə Afinaya heç kimin kömək etməyəcəyini söyləyib.
Yevangelos Apostolakis Parapolitika radiostansiyasına müsahibəsində deyib: “Yunanıstan Türkiyə ilə müharibə edərsə, əldə edilmiş ittifaqlara rəğmən, tək qalacaqdır”.
“Hamı Ukraynanı dəstəkləyir. Bəs nəticədə kim döyüşür və müharibənin acılarına dözür? Biz bu məntiqə arxalanmamalıyıq. Bizə heç kim kömək etməyəcək. Tutaq ki, bizi dəstəklədilər, çiynimizə şappıldatdılar, haqlı olduğumuzu bəyan elədilər, hansısa silah sistemlərini göndərdilər. Nəticədə isə Yunanıstanı 100 il geriyə atacaqlar. Ölkəmiz müflis olar, vətəndaşlarını itirər. İndi ən əsası – həmin yolla getməməkdir. Belə bir sonluğun qarşısını almaq üçün Yunanıstanı dəstəkləyən bütün qüvvələrin daha effektli reaksiya vermələri vacibdir”.
Keçmiş nazir bildirib ki, Türkiyə ilə hərbi toquşma böyük dağıntılara gətirə bilər: “Müharibələrdə qaliblər və məğlublar olmur. Hər iki tərəf əzab çəkir”.
Hürr Tərcüman