📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə iqtisadiyyatı labirintin içindədir" - QUBAD İBADOĞLU

2021-12-17 10:38:00

"Belə olanda da düşünülməmiş qərarların qəbulunun fəsadları əvvəlki ilə müqayisədə daha böyük olur"

"Türkiyə lirəsi yenidən anti-rekordunu vurdu. Əvvəlcədən gözlənildiyi kimi, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 15 faizdən 14 faizə endirməsi 1 dolların 15,7 lirəyədək ucuzlaşmasını şərtləndirdi. Uçot dərəcəsinin aşağı salınması qısa müddətli dövrdə dövriyyədə pul kütləsinin artmasına, faiz dərəcəsinin aşağı düşməsinə, uzun müddətli dövrdə sərmayələrin çoxalmasına gətirib çıxarır". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

İqtisadçı alim onu da qeyd edib ki, hakimiyyətin hazırkı məzənnə rejimində tətbiq etdiyi bu siyasətlə yerli istehsal mallarının satışını stimullaşdırmaq istəyinin "xərcləri" Türkiyə iqtisadiyyatına və istehlakçısına baha başa gəlir: "Odur ki, lirənin başının üzərində qara buludlar hələ də qalmaqdadır. İlin sonu olduğuna görə xarici borc öhdəliklərinin icrası səbəbindən valyutaya tələbatı da artırır. Digər tərəfdən, əhalinin gəlirləri dəyərsizləşir və qiymətlər daha sürətlə artır. Aztəminatlılara sosial təsirləri neytrallaşdırmaq üçün Türkiyədə minimum əmək haqqı 50 faiz qaldırılıb ki, bu, həm də özəl şirkətlərin əmək haqqına yönələn xərclərini artırmaqla onların sərmayə imkanlarını məhdudlaşdırır. Göründüyü kimi, Türkiyə iqtisadiyyatı labirintin içindədir. Belə olanda da düşünülməmiş qərarların qəbulunun fəsadları əvvəlki ilə müqayisədə daha böyük olur. Tanrı Türkiyəni qorusun!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az