Türkiyə ordusu ilin əvvəlindən bəri 300 nəfərdən artıq terrorçunu zərərsizləşdirib
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə ordusu 2022-ci ilin əvvəlindən bəri 300 nəfərdən artıq terrorçunu zərərsizləşdirib. Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin təmsilçisi Pınar Kaya verib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri bu ilin əvvəlindən bəri 18 antiterror əməliyyatı keçirərək terror təşkilatlarının 316 nəfər yaraqlısını sıradan çıxarıb.
Məlumatda 2015-ci il 24 iyul tarixindən bəri regionda, o cümlədən İraq ilə Suriyanın şimalında 33 584 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Kara qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı”, “Zeytun budağı”, “Barış bulağı” və “Bahar qalxanı” əməliyyatları nəticəsində Suriyanın şimalından Türkiyəyə qarşı terror təhdidinin böyük qisminin qarşısını almaq mümkün olub.
Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində Suriyanın bir sıra rayonlarında təhlükəsizlik təmin edilib, bunun sayəsində milyonlarla suriyalı könüllü şəkildə evlərinə qayıda bilib. Suriyalı qaçqınların 470 min nəfərindən çoxu İdlib atəşkəs zonasında yerləşdirilib.
Türkiyə MN-in mətbuat təmsilçisi bildirib ki, hazırda Suriyada fəaliyyət göstərən, Fərat çayının şərqində, Tel-Rüfət və Menbiç rayonlarında qalmış YPG terrorçuları Suriyanın təhlükəsizliyi yolunda əngəl törədirlər: “Bu ilin əvvəlindən bəri terror təşkilatının üzvləri Suriyanın Türkiyə SQ-nin nəzarətində olan rayonlara 102 dəfə hücum ediblər. Türkiyə xüsusi təyinatlılarının səyləri nəticəsində 272 nəfər terrorçu zərərsizləşdirilib. Türkiyə bundan sonra da suriyalıları dəstəkləməyə və terrorçularla, o cümlədən, İŞİD ilə mübarizə adı altında öz fəaliyyətini dünya ictimaiyyətinin gözündə qanuniləşdirməyə çalışan PKK/YPG terrorçuları ilə mübarizə aparmağa davam edəcəkdir”.
Hürr Tərcüman