Türkiyə parlamentinin spikeri Pelosinin İrəvana səfərini pisləyib
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə parlamentinin spikeri Mustafa Şentop ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana 17-19 sentyabr tarixində baş tutmuş səfərini “təxribat xarakterli səfər” adlandırıb.
Onun sözlərinə görə, bu səfər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində dəqiq şəkildə işğalçı kimi tanınan Ermənistanı dəstəkləməyə xidmət edir.
Şentop deyib: “Bu səfər Azərbaycanın: “Əgər siz bu problemi həll edə bilmirsinizsə, o zaman mən onu öz gücümlə həll edəcəyəm”, - deyib təşəbbüsü öz əlinə alaraq torpaqlarını işğaldan azad etməsi fonunda baş verib, regionda sülhə zərər verən qərəzli və məsuliyyətsiz addımdır”.
Türkiyə parlamentinin spikeri qeyd edib ki, “ABŞ-ın da həmsədri olduğu ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında problemin həlli məsələsində sinifdə qalıb. BMT və ATƏT də daxil olmaqla, bir çox beynəlxalq qurumun Ermənistanı işğalçı elan etdiyi 28 il boyunca Minsk Qrupu problemin həll edilməsi üçün sözün əsl mənasında heç bir addım atmayıb”.
Xəbər verdiyimiz kimi, Nensi Pelosi İrəvana səfəri zamanı Baş nazir Nikol Paşinyan, Müdafiə naziri Suren Papikyan, parlamentin spikeri Alen Simonyan və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Hürr Tərcüman