“Türkiyə Putin ilə Zelenskinin görüşünün təşkil edilməsinin tərəfdarıdır”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin nəticələrinə həsr edilmiş brifinqdə çıxış edərkən Türkiyənin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkil edilməsinin tərəfdarı olduğunu bəyan edib.
Prezident Ərdoğan Ankaranın müstəqil xarici siyasət yürütdüyünü, xarici təzyiqlərin qəbuledilməz olduğunu söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə dialoqa davam edir, diplomatik sahədə mühüm uğurlara imza atıb.
O, Türkiyənin xüsusilə də, “taxıl dəhlizi” və Rusiya ilə Ukrayna əsirlərinin mübadiləsi məsələlərində vasitəçilik rolunun xaricdə müsbət qarşılandığını söyləyib.
Prezident deyib: “Türkiyə RF ilə Ukrayna prezidentlərinin görüşlərinin təşkili və müharibənin tezliklə dayandırılmasının təşkil edilməsinin tərəfdarı kimi çıxış edir”.
Türkiyə Prezidenti qeyd edib ki, indiyə qədər “taxıl dəhlizi”ndən 5 milyon tona qədər aqroməhsul ixrac edilib.
Hürr Tərcüman