📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə Rusiyadan idxal edilən taxıldan asılı düşüb" - XAQANİ CƏFƏRLİ

2021-12-14 11:43:00

"Əgər Rusiya hər hansı bir səbəblə Türkiyəyə taxıl ixracın bir neçə həftəlik dayandırsa, Türkiyədə aclıq yaranacaq"

"İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu 2021-ci il üçün un alınması ilə bağlı tenderdə unun bir kisəsinin 127 TL olduğu halda, 2022-ci il üçün un alınması ilə bağlı elan olunmuş tenderdə təklif olunan unun bir kisəsinin 325 TL-yə yüksəldiyini bildirib. Unun qiymətinin kəskin bahalaşması türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsinin nəticəsidir. Türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsi isə prezident Rəcəb Tayyip Ərdoğanın yanlış maliyyə siyasəti ilə bağlıdır". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.  

Politoloqun sözlərinə görə, unun qiymətinin təxminən, üç dəfə bahalaşmasına baxmayaraq, Əkrəm İmamoğlu istanbulluları ucuz və keyfiyyətli çörəklə təmin etmək üçün əllərindən gələni edəcəklərini vəd edib: "İstanbul Böyük Şəhər Bələdiyyəsi özəl mağazalarda 3.5 lirəyə satılan 220 qramlıq çörəyin, “Halk ekmək” mağazalarında 1.25 TL-yə satılmasını təşkil etməklə insanları aclıqdan xilas etməyə çalışır. Ucuz çörəyə tələbat isə hər ötən gün artır. İnsanlar soyuq havada saatlarla növbə gözləyirlər ki, ucuz çörək ala bilsinlər".

Xaqani Cəfərli əlavə edib ki, İstanbulda Əkrəm İmamoğlunun, Ankarada Mansur Yavaşın bütün fədakarlığına baxmayaraq, Rəcəb Tayyip Ərdoğanın Türkiyəni düşürdüyü miskin vəziyyət hər ötən gün ağırlaşır: "Ərdoğanın 19 illik hakimiyyətinin nəticəsində Türkiyə Rusiyadan idxal edilən taxıldan asılı düşüb. Əgər Rusiya hər hansı bir səbəblə Türkiyəyə taxıl ixracın bir neçə həftəlik dayandırsa, Türkiyədə aclıq yaranacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az