📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə “S-400”-ləri Ukraynaya satacaqmı? – ABŞ-nin bir əvvəlki təklifi yenidən gündəmdə

2024-02-02 12:28:41

Türkiyə “S-400”-ləri Ukraynaya satacaqmı? – ABŞ-nin bir əvvəlki təklifi yenidən gündəmdə

İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə birlikdə Türkiyə və ABŞ arasındakı münasibətlər istiləşib və “F-16” böhranı öz həllini tapıb. İndi gündəmin əsas mövzusu “F-35” təyyarələrinin Türkiyəyə təhvil verilib- verilməyəcəyidir.

Hurriyyet.az xəbər verir ki, bu məsələyə dair ABŞ-nin bir il əvvəl Türkiyəyə etdiyi təklif yenidən gündəmə gəlib.

Belə ki, ABŞ ötən ilin mayında Türkiyəyə təklif etmişdi ki, problemin həlli üçün Türkiyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməlidir. Bu təklifin həmin vaxt xarici işlər naziri vəzifəsini daşıyan Mövlud Çavuşoğlu tərəfindən qəbul edilmədiyi açıqlanmışdı.

Hazırda bu təklifin gerçəkləşəcəyi, “S-400”-ləri almaqda çətinlik çəkən Ukraynanın hansı qərarı verəcəyi sual olaraq qalır.

Qeyd edək ki, Türkiyənin layihə ortağı olduğu, həm də 1 milyard 250 milyon dollar ödədiyi 6 ədəd “F-35”-i ABŞ Türkiyəyə verməyib. Ağ Ev administrasiyası buna səbəb kimi Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini göstərib. Bu günlərdə Türkiyəyə səfər edən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiyadan “S-400” sisteminin alınması ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyənin yenidən “F-35” ailəsinə qoşula biləcəyini bildirib. Ağ Evin sözçüsü Con Kirbi də Türkiyənin “F-35” proqramına qayıtmaq üçün yeganə şərtin “S400”-lər olduğunu bildirib.

Onu da qeyd edək ki, ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini verməkdən imtina etdiyi üçün Türkiyə 5 il əvvəl Rusiyadan 4 ədəd “S-400” sistemi alıb.

AzPolitika.info