📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə siyasətində SİNAN OĞAN FAKTORU

2023-05-16 11:11:00

Türkiyə siyasətində SİNAN OĞAN FAKTORU

Prezident seçkilərinin ikinci turunun nəticəsi "ATA İttifaqı"nın verdiyi qərardan asılı olacaq

Natiq Cəfərli: "Rəcəb Tayyib Ərdoğan ikinci turda böyük üstünlüklə, təqribən 55-56 faiz civarında səslə qalib olacaq"

Fərhad Mehdiyev: "Sinan Oğan Ərdoğana ancaq MHP idarəçiliyinə alınması şərtiylə dəstək verəcək"

Aqşin Kərimov: "Kim qalib olsa da, Türkiyə Qərblə Rusiya arasındakı rəqabətdən dolayı mürəkkəb balanslaşdırma aktından qaça bilməyəcək"

Şahin Cəfərli: "Sinan Oğanın seçicilərinin əksəriyyəti nə Rəcəb Tayyib Ərdoğana, nə də Kamal Kılıçdaroğluna səs verəcək"

Turan Rzayev: "Kılıçdaroğlunun macərasının bununla yekunlaşdığını demək olar, onun ikinci turda qələbə qazanması real deyil"

Asif Nərimanlı: "Sinan Oğan həm "Cümhur İttifaqı"na, həm də "Altılı masa"ya mesaj ünvanlamaqla ikinci tur müzakirələrində əlini gücləndirmək niyyətindədir"

Bildiyiniz kimi, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Bununla bağlı Türkiyə Ali Seçki Qurumunun yaydığı ilkin rəsmi nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,14 faiz səs toplayıb.

Anadolu Agentliyinin yaydığı məlumatda isə deyilir ki, "Cümhur İttifaqı"ndan AKP parlamentdə 266 yer, MHP 50, Yenidən Rifah Partiyası 5 yer qazanıb. "Millət İttifaqı"ndan isə CHP 169, İYİ Partiyası 44, "Əmək və Azadlıq İttifaqı"na daxil olan Yaşıl Sol Partiyası (HDP-çilər) 62, Türkiyə İşçi Partiyası isə 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Bu isə o deməkdir ki, Türkiyə Böyük Millət Məclisinin 600 deputatından 321 nəfəri "Cümhur İttifaqı"nın, 279-u isə "Millət İttifaqı" və ona yaxınlığı ilə seçilənlərin təmsilçisi olacaq. Odur ki, parlament çoxluğunu "Cümhur İttifaqı" qazanıb.

Prezident seçkilərinə gəldikdə isə namizədlərdən heç biri 50+ səs toplamadığı üçün mayın 28-də ikinci tur keçiriləcək və bu zaman daha çox səs toplayan şəxs qalib olacaq. Təbii ki, bu da özlüyündə "ATA İttifaqı"ndan prezidentliyə namizəd Sinan Oğanın əhəmiyyətini bir qədər də artırır. Bu səbəbdən də həm "Cümhur İttifaqı", həm də "Millət İttifaqı" onun dəstəyini qazanmaq üçün real addımlar atmalıdır. Qeyd edək ki, bununla bağlı axar.az-da yer alan informasiyaya görə, mövcud durumu təmsil olunduğu ittifaqın uğuru kimi qiymətləndirən Sinan Oğan Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldiklərini bəyan edib. O, həmçinin 1-2 gün ərzində "ATA İttifaqı"nın liderləri ilə iclas keçirəcəklərini və buna uyğun olaraq bir nəticə müəyyən edəcəklərini də əlavə edib: "Bu nəticənin vəziyyətinə uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Bundan sonra qarşıdakı 14-də gündə üzərimizə düşəni edəcəyik. Türkiyənin heç vaxt böhrana düşməsinə imkan verməyəcəyik. Bu seçki prosesini düzgün idarə edən biz olduq. Biz öz münasibətimizlə seçkinin nəticələrinə birbaşa təsir göstərmişik və dəyişmişik. Bu səbəbdən önümüzdəki dövrdə də bu mövqeyimizi davam etdirəcəyik və məsələ ilə bağlı millətimizin xeyrinə qərarlar verəcəyik".

Bu arada, "Cümhur İttifaqı"nın Türkiyə Böyük Millət Məclisində səs çoxluğunu təmin edə bildiyini qeyd edən MHP-nin sədr müavini Semih Yalçının sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın mayın 28-də keçiriləcək ikinci turda açıq-aşkar birinci olacağı və Türkiyə Respublikasının 13-cü prezidenti seçiləcəyi artıq bəlli olub: "Seçkilərin qalibi türk millətinin özüdür. 14 may axşamı millətin iradəsi özünü sübut etdi. Beləliklə, heç bir bəşəri qüdrətin milli iradənin qarşısında dura bilməyəcəyi, heç bir qüvvənin ona qalib gələ bilməyəcəyi bir daha nümayiş etdirildi. Bu seçkilər Türkiyənin həm regional, həm də qlobal məqsədlərinə çatması üçün əhəmiyyətli bir mərhələdir. Bundan sonra "Cümhur İttifaqı" öz yolu ilə möhkəm addımlarla irəliləyəcək. MHP də ictimai asayişin, qardaşlığın və əmin-amanlığın təhlükəsizlik açarı olmağa davam edəcək".

"Sinan Oğanın seçicisi millətçi kəsim olduğu üçün ikinci turda AKP-yə üz tutması böyük ehtimaldır"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli də bu qənaətdədir ki, ikinci turda əsas məsələ Sinan Oğanın seçicisi olacaq. Onun "açar fiqur" olduğunu deyən politoloqun sözlərinə görə, Sinan Oğanın seçicisi millətçi kəsim olduğu üçün ikinci turda AKP-yə üz tutması böyük ehtimaldır: "Hər bir halda ən böyük istəyim qardaş Türkiyədə seçkilərin olaysız bitməsi, uduzanın udanı təbrik edib əlini sıxmasıdır. Azərbaycan üçün isə ən böyük təsiri qardaş ölkədə seçici aktivliyinin bizdə seçki institutuna marağı artırmasıdır. İnşallah, bizdə də heç olmasa 70-75 faiz seçici aktivliyi görəcəyik. Bunun üçün çalışmalıyıq. Məmləkətimizin nicatı qonşularda, dost ölkələrdə kimin prezident olmasından deyil, seçki aktivliyindən, seçicidən asılıdır".

Türkiyə seçkilərinin bir neçə qalibi olduğunu vurğulayan REAL-ın icra katibi hesab edir ki, şəksiz qalib Rəcəb Tayyib Ərdoğandır: " O, parlamenti çox böyük üstünlüklə uddu, ilk turu 5 faiz civarında öndə bitirdi, ikinci turda böyük üstünlüklə, təqribən 55-56 faiz civarında səslə qalib olacaq. MHP də ciddi uğur qazandı, heç kim belə səs qazanacağını təxmin etməmişdi. Sinan Oğan da qalibdir, Türkiyədə 5,26 faiz, təqribən 2,8 mln. seçici səsi qazanmaq böyük uğurdur. Oğanı İYİ Partidən "sol" namizədə səs vermək istəməyən, MHP-dən Ərdoğana səs vermək istəməyənlər dəstəklədi. Yəni, Oğanın səsi özünün deyil, millətçi-sekulyar kəsimindir. Odur ki, o səslərdən ikinci turda Kılıçdaroğluna çox az səs gedəcək. Həmçinin, DEVA Partiyası da qazandı. Kılıçdaroğlunun zəifliyini, siyasətbilməzliyini görüb çox ağıllı ittifaq qurdu, şərtlərini diktə edə bildi və parlamentə 14-15 deputat keçirə bildi".

Natiq Cəfərlinin fikrincə, seçkinin tək məğlubu var ki, o da CHP sədri Kamal Kılıçdaroğludur: "O, ittifaqlarını doğru qura, mesajlarını normal çatdıra bilmədi, CHP-nin deputat sayını səhv hesablamalarla azaltdı. Amma CHP partiya olaraq vacib partiyadır, Türkiyədə 25 faiz "sol-liberal" seçmənin olması qardaş ölkə üçün siyasi "vaksindir". Ölkəni sözün pis mənasında dini idarəetməyə yuvarlanmaqdan, bir də radikal etnik millətçilikdən qoruyur. Seçkilərin Azərbaycanda da qalibləri var. Millətimiz, cəmiyyətimiz seçki institutunun nə qədər vacib, önəmli olduğunu, qardaş ölkə vətəndaşlarının, seçicilərin nə böyük həvəslə, sevgi və maraqla seçkidə iştirak etdiyini gördülər. Əminəm ki, bu mənzərə Azərbaycanda seçki institutuna inamın və önəminin artmasında ciddi rol oynayacaq. Bizim taleyimiz öz əlimizdədir, ölkədə sivil dəyişikliklərin yolu seçkidən keçir".

"Seçkilərin mayın 28-də keçiriləcək ikinci turunun həlledici adı Sinan Oğandır"

Kamal Kılıçdaroğlunun qələbə qazanmayacağını öncədən dediyini və proqnozunun düz çıxdığını bildirən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev də qeyd edib ki, seçkilərin mayın 28-də keçiriləcək ikinci turunun həlledici adı Sinan Oğandır. Politoloq iddia edir ki, Sinan Oğan Rəcəb Tayyib Ərdoğana ancaq MHP idarəçiliyinə alınması şərtiylə dəstək verəcək: "Buna isə MHP sədri Dövlət Baxçalı razı olmayacaq. CHP isə öz növbəsində, Oğanı tərəfinə çəkmək üçün HDP ilə arasında məsafə qoyduğunu göstərən bəyanatlar verəcək. Necə olsa, parlamentdə aldıqları səsi alıblar. Amma bunlar maraqlı deyil. Maraqlı olan 14 gün ərzində olacaqlardır".

"İkinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşünürəm"

Siyasi şərhçi Aqşin Kərimov isə ikinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşündüyünü vurğulayıb: "Ancaq hər ehtimala qarşı bütün versiyaları göz önündə tutmalıyıq. Beləliklə, Ərdoğan qalib gəlsə, Türkiyə dünya arenasında və regional tabloda yeni mərhələsini güclü şəkildə yaşayacaq. Həmçinin, Ərdoğan təkpartiyalı hakimiyyətini möhkəmləndirmək üçün Konstitusiya dəyişiklikləri edə bilər. Proqnozum belədir ki, Ərdoğan Konstitusiya dəyişikliyini gündəmə gətirəndə özünün fəxri liderliyi üçün rəsmi status qazanmağa çalışacaq və varislik yolu ilə hakimiyyətin ötürülməsinə cəhd edəcək. Ehtimal az olsa da, Kılıçdaroğlu qalib gəlsə, gücləndirilmiş parlament idarəçiliyinə qayıdışa başlayacaq, lakin bunun problemsiz olacağını düşünmək yanlışdır. Eyni zamanda, o, Türkiyədə hazırda mövcud olan mənzərəni miras alacaq və idarəetmədə xeyli çətinliklərlə üzləşəcək. Avropa və ABŞ-a daha az "döyüşkən" münasibət bəsləyəcək, hərçənd bunu anti-Rusiya stilində etməyəcək".

Siyasi şərhçi əlavə edib ki, Türkiyənin iradəsindən kənar bir çox xarici amillər dövlətin xarici siyasətində mürəkkəb portfelini sadələşdirməyəcək: "Buna görə də, istər Ərdoğan, istərsə də, Kılıçdaroğlu – kim qalib olsa - Türkiyə Qərblə Rusiya arasındakı rəqabətdən dolayı mürəkkəb balanslaşdırma aktından qaça bilməyəcək. Odur ki, Türkiyənın gələcək iqtidarının xarici siyasət komandası və Türkiyənin xarici siyasətinə dair aydın, davamlı və uzunmüddətli baxış formalaşdırmalıdır ki, dövlətə olan təhdidlərdən üzüağ, alnıaçıq çıxsın".

"Ötən seçkilərlə müqayisədə 7 faiz səs itirən AKP parlament çoxluğu yaratmaq üçün yenə MHP-yə möhtac durumda qaldı"

Digər siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Sinan Oğanın seçicilərinin əksəriyyəti nə Rəcəb Tayyib Ərdoğana, nə də Kamal Kılıçdaroğluna səs verəcək: "Hətta Oğan tərəflərdən biri ilə anlaşıb, çağırış etsə belə, bu kütlənin çoxluğu böyük ehtimalla səsverməyə qatılmayacaq. Çünki bunlar Oğanın stabil elektoratı deyil, hər iki namizəddən də məmnun olmayan protest millətçi kəsimdir. Ümumilikdə isə Sinan Oğanı bu seçkilərin qalibi saymaq olar. Kampaniya dövründəki davranışları və əldə etdiyi nəticə ilə Türkiyə siyasətində mühüm bir aktor ola biləcəyini göstərdi. Lakin bu yolda onu gözləyən qeyri-müəyyənliklər var. Sinan Oğanın xəyalı MHP liderliyidir, bu isə nail olunması çox çətin bir vəzifədir. Mövcud MHP rəhbərliyi Oğanı partiyadan xaric edib və nə qədər ki, Dövlət Baxçalı həyatdadır, onun partiyaya dönməsinə icazə verilməyəcək. Ehtimal var ki, Baxçalı öz varisini müəyyən edərək hələ sağlığında partiyanı bu şəxsə təhvil versin".

Şahin Cəfərlinin sözlərinə görə, Sinan Oğan üçün digər alternativ onu namizəd göstərən Zəfər Partiyasıdır, lakin bu partiyanın da iddialı lideri var: "Ümit Özdağ çətin ki, birinci adamlığı başqasına güzəştə getsin. Yeni siyasi partiya yaratmaq Oğan üçün alternativlərdən biri ola bilər, amma millətçi səslərin bir neçə partiya arasında bölündüyü bir tabloda uğur qazanmaq asan deyil. Yeri gəlmişkən, millətçi səslər bölündükcə çoxalır. Bu seçkidə 4 millətçi partiya - MHP, İYİ, Zəfər və BBP (Böyük Birlik Partiyası) toplam 23 faiz səs aldı. Xüsusən MHP gözləniləndən daha yuxarı nəticə göstərdi və ötən seçkilərlə müqayisədə 7 faiz səs itirən AKP parlament çoxluğu yaratmaq üçün yenə MHP-yə möhtac durumda qaldı. Bu isə MHP-nin qərarların qəbulunda öz ağırlığını saxlayacağını göstərir".

"Sinan Oğanın dəstəkçilərinin böyük bir qismi milliyətçidir və Ərdoğan onunla sövdələşməyə gedə bilər"

Türkiyə Cümhuriyyətinin 100-cü ilində keçirilən seçkilərin cümhuriyyət tarixinin bəlkə də ən maraqlı və əzmkar seçkiləri olduğunu deyən siyasi ekspert Turan Rzayev bildirib ki, bunu namizədlərin göstərdiyi nəticələr də sübut edir: "Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və "Cümhur İttifaqı" 49,4 faizdən yuxarı səs toplasa da bu, əvvəlki illərə nəzərən aşağı nəticədir. Müqayisə üçün deyə bilərəm ki, 2014-cü ildə keçirilən seçkilərdə Ərdoğan 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplamışdı. Buna baxmayaraq, Ərdoğanın 14 mayda əldə etdiyi nəticəni həm də məqbul saymaq olar. Məsələ ondadır ki, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı, baş verən ardıcıl dəhşətli zəlzələ və s. səbəblər Ərdoğanın nüfuzuna müəyyən qədər zərbə vurmuşdu. Bütün bu neqativ nüanslara baxmayaraq, Ərdoğanın 49,4 faizdən yuxarı səs toplaması təqdirəlayiqdir. Ümumi mənada Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun nəticəsi də pis deyil. Yəni, "Kılıçdaroğlu büsbütün fiaskoya uğradı" demək doğru deyil. Onun 44,9 faiz səsi toplaya bilməsi CHP-in siyasi müxalifət olmasına baxmayaraq, ölkənin qurucu partiyası kimi dövlət və cəmiyyətdə öz dominantlığını qoruduğunu göstərir. Lakin buna baxmayaraq, Kılıçdaroğlunun macərasının bununla yekunlaşdığını demək olar. Kılıçdaroğlunun ikinci turda qələbə qazanması real deyil".

Turan Rzayev də bu qənaətdədir ki, ikinci turun nəticəsi Sinan Oğandan asılı olacaq: ""ATA İttifaqı"nın namizədi Sinan Oğanın 2 faiz civarında səs toplaması gözlənildiyi halda, onun 5,2 faizdən yuxarı səs toplamağı bacarması gözlənilməz oldu. Sinan Oğanın dili ilə desək, "Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm". Odur ki, seçkilərin ikinci turunda Sinan Oğanın verəcəyi qərar həlledici olacaq. İkinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşünürəm. Çünki onun dəstəkçilərinin böyük bir qismi milliyətçidir və Ərdoğan Oğanla sövdələşməyə gedə bilər".

"İkinci turda Sinan Oğanın və namizədliyini geri götürən Məhərrəm İncənin tərəfdarlarının səsləri həlledici olacaq"

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi "Millət İttifaqı"nın əsas prioriteti ikinci turda qalib gəlməkdir: "Bu turda 5 faizdən çox səs toplamış Sinan Oğanın və namizədliyini geri götürən Məhərrəm İncənin tərəfdarlarının səsləri həlledici olacaq. Sinan Oğan açıqlamasında FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizə ilə bağlı müəyyən işarələr verdi və əlavə etdi ki, "terror təşkilatları və onun siyasi uzantılarının TBMM-yə daşınmasına qarşıyıq, bizimlə anlaşmaq istəyən terrorla, onun siyasi uzantıları ilə arasında məsafə qoymaq məcburiyyətindədir, bunu etməyən müzakirəyə gəlməsin". Burada hər iki cinaha ünvanlanan mesaj var. "Altılı masa"nın PKK-nın siyasi uzantısı olan HDP (hazırda Yaşıl Sol) ilə yaxınlığı bəllidir, o cümlədən, FETÖ ilə müəyyən bağlantılarına dair məlumatlar da var. "Cümhur İttifaqı"nda yer alan HÜDAPAR hazırda belə olmadığını, dəyişdiyini bəyan etsə də, vaxtilə Hizbullah ideologiyasına yaxın olması ilə tanınır".

Siyasi şərhçinin fikrincə, Sinan Oğan həm "Cümhur İttifaqı"na, həm də "Altılı masa"ya mesaj ünvanlamaqla ikinci tur müzakirələrində əlini gücləndirmək niyyətindədir: "Lakin hansı cinahın bu şərtləri qəbul etmək imkanının nə qədər olması da maraqlıdır. "Millət İttifaqı" Sinan Oğanın 5 faizlik səsi qarşısında HDP seçicilərinin səsindən imtina etməyəcək. Bununla yanaşı, Oğanın "türklüyün konstitusiyadan çıxarılması"na qarşı olması da "Millət İttifaqı"ndakı yanaşmalarla zidiyyət təşkil edir. "Cümhur İttifaqı" Oğanın dəstəyini almaq istəyərsə, HÜDAPAR məsələsi daha asan həll oluna biləcək kimi görünür. Bu partiya zamanında dəstəklədiyi ideologiyanı dəyişdiyini elan edib, o cümlədən, HDP kimi terrora praktiki olaraq yaxın deyil. Sinan Oğanın millətçidir, "Cümhur İttifaqı"nda yer alan MHP ilə qarşıdurmada olsa belə, özünün bəyan etdiyi kimi, "Türkiyənin böhrana düşməməsi üçün" anlaşa bilər".

Vazeh BƏHRAMOĞLU