Türkiyədə Azərbaycana qarşı qərəzli dalğa niyə səngimir?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər siyasi gündəmdən, ayrı-ayrı şəxslərin mövqeyindən və gündəlik media müzakirələrindən qat-qat böyük dəyər daşıyır. İki ölkəni birləşdirən tarixi bağlar, qarşılıqlı etimad və “bir millət, iki dövlət” anlayışı illər ərzində sınaqlardan keçərək möhkəmlənib. Məhz buna görə son günlər Türkiyənin bəzi media və sosial media platformalarında Azərbaycana qarşı yayılan əsassız, qərəzli və ittiham xarakterli materiallar ciddi təəssüf doğurur. Burada söhbət tənqid haqqının məhdudlaşdırılmasından getmir. Media fərqli fikirləri səsləndirə, ayrı-ayrı məsələlər müzakirə oluna bilər. Ancaq tənqidlə qarayaxma, məlumatla manipulyasiya arasında ciddi fərq var. Xüsusilə də söhbət iki qardaş ölkənin münasibətlərindən gedirsə, yayılan məlumatların mənbəyinə, faktlara və onların cəmiyyətlər arasında hansı təsir yarada biləcəyinə daha məsuliyyətlə yanaşılması vacibdir. Azərbaycan tərəfinin son günlər baş verənlərlə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi də məsələnin artıq diqqətdən kənarda qalmadığını göstərir. Türkiyə dövlətini və türk xalqını ayrı-ayrı media və sosial media dairələrinin mövqeyi ilə eyniləşdirmək, əlbəttə, doğru olmaz. Azərbaycan cəmiyyətində Türkiyəyə olan münasibət bunun daha geniş və dərin bir bağ olduğunu göstərir. Lakin məhz bu qardaşlığın dəyəri baxımından iki ölkənin informasiya məkanında məsuliyyətli davranışa ehtiyac var. Çünki sözlə yaradılan yanlış təsəvvürlər bəzən uzun müddət formalaşmış qarşılıqlı etimada kölgə sala bilər.
Türkiyənin media məkanında Azərbaycana qarşı bu yanaşmanın səbəbi nədir? Qardaşlıq münasibətlərinə zərər vura biləcək belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Azərbaycan parlamentinin üzvü Könül Nurullayeva Musavat.com-a bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan yeganə unikal münasibətlərdir:
“Elə buna görə də Türkiyənin media və sosial şəbəkə məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan əsassız paylaşımlar ciddi narazılıq yaradır. Burada açıq şəkildə faktla iddianın, jurnalistika ilə manipulyasiyanın, fikir azadlığı ilə məqsədli qaralama kampaniyası arasındakı sərhədin itdiyini görürük. Halbuki Bakı-Ankara münasibətlərinin arxasında tarixi yaddaş, dil və mədəni yaxınlıq, siyasi həmrəylik və uzun illər ərzində formalaşmış qarşılıqlı etimad dayanır. Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi mənəvi dəstəyi hər zaman yüksək qiymətləndirmişik. Azərbaycan da öz növbəsində Türkiyənin olmadığı beynəlxalq platformalarda öz dəstəyini ən yüksək səviyyədə nümayiş etdirib. Bu gün müşahidə olunan yersiz ittihamlar məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Məsələ burasındadır ki, Azərbaycan-Türkiyə Ortaq media Platforması kimi uğurlu təcrübəmiz var. Biz eyni informasiya cəbhəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması naminə birgə fəaliyyət göstərmişik. Hətta bu günlərdə Türkiyə və Azərbaycan yetkililəri arasında keçirilən görüşdə də məhz dezinformasiyaya qarşı mübarizə, media əməkdaşlığının gücləndirilməsi və informasiya sahəsində koordinasiyanın artırılması müzakirə olunub. Amma bu gün Türkiyədəki bəzi qərəzli dairələr bu təcrübəyə də kölgə salmağa çalışır. Azərbaycan cəmiyyətinin də haqlı olaraq qardaş ölkədən xüsusi məsuliyyət gözləntisi var”.