📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib

2026-01-28 14:54:24

Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib

Türkiyədə İran kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən casus şəbəkəsi zərərsizləşdirilib. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində şəbəkənin üzvləri saxlanılıb.

Türkiyə mediasının yaydığı məlumata görə, əməliyyat İstanbulun beş mərkəzi rayonunda eyni vaxtda həyata keçirilib. Əməliyyat zamanı ümumilikdə altı nəfər tutulub.

Həbs edilən şəxslər arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkət sahibləri Erhan Ergelen və Taner Özcan, tekstil sektorunda çalışan iş adamları Cemal və Remzi Beyaz, həmçinin Alican Koç və İran əsilli Aşkan Cəlali yer alır.

Saxlanılan şəxslər İstanbul Növbətçi Cinayət Məhkəməsinin qərarı ilə “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirri əldə etmək” maddəsi üzrə həbs ediliblər.

İstintaq çərçivəsində müəyyən edilib ki, casusluq şəbəkəsinə İran kəşfiyyatına bağlı olduqları iddia edilən və “Hacı” kod adı ilə tanınan Nəcəf Rüstəmi ilə “Doktor” ləqəbli Mehdi Yekeh Dehqan rəhbərlik ediblər. Hazırda istintaq tədbirləri davam etdirilir.