"Türkiyədə lirəyə təzyiqlər davam edir" - QUBAD İBADOĞLU
"Real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və hazırda bu fərq 10-15 faiz arasında dəyişir"
"Türkiyədə lirəyə təzyiqlər davam edir. Xarici valyuta qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq vardır. Bu arada valyuta dəyişmə məntəqələri yaranmış vəziyyətdən yaxşı qazanırlar". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.
Partiya sədri qeyd edib ki, banklarda xarici valyuta ilə depozitlərin faizlərini inanılmaz dərəcədə yüksəldən, valyuta rezervlərinə görə 21 il geridəki duruma düşən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yenidən valyuta yığımına başlasa da, buna hələ nail ola bilmir: "Çünki qeyri-müəyyənlik səbəbindən gözləmə mövqeyində olanlar TCMB-da yeni qərarlar gözləyirlər. Bu səbəbdən də TCMB lirənin məzənnəsinin kəskin ucuzlaşmasına imkan vermir. Hazırda TCMB məzənnəsi ilə 20,34 lirə 1 dollardır. Əslində isə real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və hazırda bu fərq 10-15 faiz arasında dəyişir".
İqtisadçı alimin sözlərinə görə, valyuta ilə depozitlərin "dövizdən dönən kur korumalı" yanaşması ilə 3, 6, 9 və 12 ay müddətdə cəlb edilməsinə çalışan TCMB qısa müddətli dövrdə valyuta ehtiyaclarını ödəməyə çalışsa da, orta və uzun vədəli dövrdə bu banklar üçün böyük problemlər yaradacaq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az