Türkiyədə qaz qovşağı layihəsi üzrə danışıqlar aktivləşdiriləcək-AÇIQLAMA
Rusiyanın Türkiyəyə təklif etdiyi qaz qovşağı layihəsi üzrə danışıqlar prosesi yaxın vaxtlarda aktivləşdirilə bilər. "RİA Novosti" Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən bu barədə xəbər verir.
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra gecə Ankarada tərəfdarları qarşısında çıxış edərkən Rusiya lideri Vladimir Putinin bir qədər əvvəl təklif etdiyi “qaz qovşağı” layihəsini həyata keçirəcəyini vəd edib. “Düşünürəm ki, bu mövzuda danışıqlar yaxın gələcəkdə intensivləşəcək. Cənab prezident özü də dünən əslində öz proqramını açıqladı, bu layihəni prioritetlər sırasına çəkdi”, deyə mənbə bildirib.
Rusiya Federasiyasının Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsi vasitəsilə qazın alqı-satqısı üzrə əməliyyatlara 2024-cü ildə başlanması planlaşdırılır. Bu barədə ölkənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib. O, daha əvvəl bildirmişdi ki, aprelin əvvəlində Türkiyə Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsi ilə bağlı qanunvericiliyə düzəlişlər prosesinə başlayıb, onların Ərdoğan tərəfindən təsdiqlənməsi gözlənilir. Onun sözlərinə görə, bir sıra Avropa ölkələri, o cümlədən Macarıstan və Serbiya bu qovşaq vasitəsilə qaz almaqda maraqlıdır.
"Ötən ilin oktyabrında Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamağı tapşırıblar. Onun vasitəsilə, xüsusən də zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olardı. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir", deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilər. Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
"RİA Novosti"nin mənbəsi onu da bildirib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra Ukraynadakı münaqişənin həlli istiqamətində cəhdlərini davam etdirəcək.
“Ukrayna mövzusu, Türkiyənin bu münaqişədə vasitəçiliyi mövzusu bizim xarici siyasətimizdə prioritetdir. Cənab prezident bəlkə də yeganə dünya lideridir ki, həm Rusiya, həm də Ukrayna lideri ilə etibarlı münasibətdədir. Dərhal atəşkəs və sülh danışıqlarının bərpası üçün çağırışlar və təkliflər davam edəcək. Cənab Prezidentin dediyi kimi, bu münaqişədə qalib olmayacaq”, deyə mənbə bildirib.
O əlavə edib ki, “taxıl sövdələşməsi” də Ərdoğan üçün prioritet olaraq qalır, Ankara bu istiqamətdə maneəsiz işləməyə çalışacaq.
Ülviyyə, Hurriyyet.az