Türkiyədə seçkilər ləğv edilə bilərmi? - Deputatın şərhi
"Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə əsasən, seçkinin keçirilmə müddətinin dəyişdirilməsi və yaxud onun ləvğ edilməsi ancaq müharibə şəraitində ola bilər. Bu addım Türkiyənin Ali Seçki Komissiyasının qərarı ilə tənzimlənir”.
Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Türkiyədə may ayının 14-nə təyin edilən prezident seçkilərinin vaxtının dəyişilməsi ilə bağlı mətbuatda gedən məlumatlara aydınlıq gətirərkən deyib. Deputat bildirib ki, Türkiyədə may ayının 14-ə təyin edilən prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi məlumat yoxdur:

"Sadəcə olaraq, bir sıra kütləvi informasiya vasitələrində baş vermiş zəlzələ ilə bağlı seçkinin müəyyən vaxta, yaxud da bir ildən sonra keçirilməsi ilə bağlı bir sıra məlumatlar yayılıb. Məlum məsələdir ki, bir sıra müxalifət qüvvələri bu haqda müəyyən açıqlamalar verir. İYİ Partiya başqanı Meral Akşener də bu haqda danışıb”.
Deputat bu məsələnin kiminsə açıqlaması ilə tənzimlənmədiyini diqqətə çatdırıb.