Türkiyəli narkobaron Almaniyada xəstəxanadan skuterlə qaçırıldı
Almaniyanın Essen şəhərində həkim müayinəsinə aparılan türkiyəli narkobaron Diyar Gündüz maskalı və silahlı şəxslərin köməyi ilə mühafizəçilərin əlindən qaçıb.
Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
İki ayrı məhkəmə işində ümumilikdə 17 il həbs cəzasına məhkum edilən, lakin hökmü hələ qüvvəyə minməyən Gündüz və qaçışına kömək edən iki nəfər Avropada axtarışa verilib.
Məlumata görə, hadisə oktyabrın 14-də baş verib. Radioloji müayinə üçün iki mühafizəçinin müşayiəti ilə tibb müəssisəsinə gətirilən Gündüzün qarşısını maskalı və silahlı iki şəxs kəsib. Onlar mühafizəçiləri zərərsizləşdirərək qandallayıb, silahlarını götürüblər.
Hücum edənlər əvvəlcədən özləri ilə gətirdikləri açarla Gündüzün ayaqlarındakı qandalları açıb və onun qaçmasına şərait yaradıblar. Binanın girişində partlayıcıya bənzəyən qumbara maketinin də qoyulduğu bildirilir. Gündüz və ona kömək edən şəxslər əvvəlcədən hazırladıqları elektrikli skuterlərlə müxtəlif istiqamətlərə qaçıblar.
Qeyd edək ki, Diyar Gündüz 2025-ci ildə Kosta-Rikadan Almaniyaya gətirilən 94 kiloqram kokainlə əlaqədar Essen şəhərində saxlanılmışdı. İstintaq materiallarına əsasən, onun rəhbərlik etdiyi iddia olunan qrup Cənubi Amerikadan kokain, həmçinin Niderland və İspaniya vasitəsilə Almaniyaya marixuana gətirib.
O, həmçinin narkotik maddələri oğurlamaqda ittiham etdiyi bir nəfəri əlaltıları ilə birlikdə Essen şəhərində qaçırmaqda və Duysburqdakı anbarda günlərlə döyməkdə təqsirləndirilirdi.
Essen Regional Məhkəməsi narkotiklərlə bağlı cinayətlərə görə Gündüzə 12 il 6 ay, təhlükəli xəsarət yetirmə və qanunsuz azadlıqdan məhrumetmə əməllərinə görə isə əlavə 4 il 6 ay həbs cəzası verib. Lakin qaçış baş verən vaxt hər iki qərar hələ qanuni qüvvəyə minməmişdi.
Almaniya hüquq-mühafizə orqanları Gündüzün və ona qaçmağa kömək edən iki şəxsin tutulması üçün axtarışları davam etdirirlər. Gündüzün məlumatları Avropanın axtarışda olan şəxslər platforması olan "Europe's Most Wanted" saytında da yerləşdirilib.