Türkiyənin yeni uğuru - dənizlərdə minaları aşkar edən “Nusrat-1915”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Hərbi Dəniz Qüvvələri minalarla mübarizə üçün yerli istehsal olan hidrolokator ilə təchiz ediləcək.
“Nusrat-1915” hidrolokatoru 1 kilometr məsafədən minaları aşkar eləyə bilir. Mina təhlükəsi ilə mübarizə üçün istehsal edilmiş “Nusrat-1915” bu ilin üçüncü rübündə Türkiyə HDQ komandanlığına təhvil veriləcək. Bu barədə “Anadolu Agentliyi”nə məlumatı ARMELSAN texnologiya şirkətinin baş direktoru Can Emre Bakım verib.
Onun sözlərinə görə, şirkət artıq 10 ildir ki, Türkiyənin müdafiə, o cümlədən, sualtı akustika və hidroakustika sistemləri sahəsində xaricdən asılılığını azaltmağa çalışır.
Bakımın sözlərinə görə, “Nusrat-1915” hidrolokatoru gəminin arxa hissəsində yerləşdirilir, birkilometr məsafədən təhlükəli obyekti aşkar edir: “Sonra yüksək tezliklə işləməyə başlayaraq, artıq 250 metr məsafədə dəqiq nəticə barəsində məlumat verir. Mina aşkar edildikdə ya yerindəcə zərərsizləşdirilir, yaxud da nəql edilir. Bundan sonra digər gəmilərə artıq təhlükəsiz olan marşrutla keçməyə icazə verilir”.
Hürr Tərcüman