TÜRMƏLƏRDƏ “SEYİDOV KABUSU” BİTDİ! – Yeni rəhbərliyə böyük ümidlər var…
Mirsaleh Seyidovun ötən ay Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunması gözlənilən idi. Əlbəttə, təxminən bir ay sonra bu məsələyə münasibət bildirməyimiz təsadüf deyil. Sadəcə, dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirik ki, biz “Hürriyyət” olaraq M.Seyidovun rəhbərliyi dönəmində də Penitensiar xidmətdə baş verən özbaşınalıqlar, qanunsuzluqlar, eləcə də qurumun rüşvət və korrupsiya bataqlığında boğulması haqda dəfələrlə yazmışıq. Məhz bu baxımdan Mirsaleh Seyidovun vəzifədən azad olunacağı, çoxları kimi, bizim üçün də gözlənilən idi...
Çox təəssüflə vurğulamaq istəyirik ki, indiyədək Azərbaycan cəzaçəkmə müəssisələrində cəza çəkən əksər məhkumlara insan kimi davranılmayıb. Doğrudur, onlar cinayətkardır və bu şəxslərə qarşı normal vətəndaşlardan bir qədər fərqli davranış sərgilənməsini hardasa başa düşmək olar. Amma, xüsusilə, həbsxana rəhbərliyi tərəfindən onlara qarşı sözün həqiqi mənasında zülm edilməsi, məhkumların fiziki və psixoloji işgəncə altında saxlanılması heç bir halda qəbul edilə bilməz. Ən azı ona görə ki, onlar da insandır və məhkum hüquqları çərçivəsində insan kimi davranışı haqq edirlər.
Bir daha təəssüflə qeyd edirik ki, bu gün həbsxanalarımızda tamailə fərqli mənzərənin şahidi olmaqdayıq. Yəni məhkuma, qanun çərçivəsində davranış bir yana, heç insan kimi də dəyər verilmir. Bu, bütün mənalarda belədir.
Doğrudur, öz hüquqlarını pulla əldə edən məhkumların sayı da az deyil. Hansı ki, onlar rüşvət hesabına “içəridə” “çöldə” olduğundan heç də pis yaşamırlar. Amma yenə də azadlıq olmadığı halda istənilən lüks həyat normal həyatdakı yaşayışın yerini verə bilməz.
Təxminən bir ay əvvəl, 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Rzayevin Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunması, əksər vətəndaşlarımız, xüsusilə də yaxınları həbsxanalarda cəza çəkən şəxslər tərəfindən böyük rəğbətlə qarşılandı. Söhbət ondan gedir ki, S.Rzayevin təyin edilən tarixədək olan fəaliyyəti onun yeni vəzifəsində müsbət dəyişikliklərə imza atacağını deməyə əsas verir. Heç də təsadüfi deyil ki, Ədliyyə naziri Fərid Əhmədov da onun rəhbərliyi etdiyi qurumdakı fəaliyyətini hər zaman təqdir edib və hər zaman S.Rzayevin potensialından istifadə etməyə çalışıb. Məsələn, o, 2025-ci ilin yanvar ayında Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəis müavini, qısa müddət sonra - iyulda isə bu idarənin rəisi vəzifəsinə layiq görülüb.
Türmələrdəki vəziyyət nə qədər acınacaqlı olsa da, son vaxtlar bu sahədə bir çox müsbət işlərin görüldüyü də danılmazdır. Xüsusilə Fərid Əhmədovun rəhbərliyi dövründə Penitensiar sistemin (cəzaçəkmə müəssisələrinin) müasirləşdirilməsi, ümumilikdə ədliyyə sahəsində infrastruktur yenilənməsi, məhkumların reabilitasiyası və rəqəmsallaşma istiqamətində bir sıra lahiyələrin həyata keçirilməsi dediklərimizin bariz nümunəsi hesab oluna bilər.
O cümlədən, köhnə müəssisələrin yenilənməsi və saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə 2030-cü ilədək ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrinin istifadəyə verilməsi hədəflənib.
Bundan əlavə, məhkumların cəmiyyətə inteqrasiyası üçün hazırda 2025-2030-cu illəri əhatə edən peşə təhsili fəaliyyət planı icra olunmaqdadır.
Eynilə, alternativ cəzaların tətbiqini genişləndirmək, probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyasını dəstəkləmək üçün 2027-2031-cü illəri əhatə edən konsepsiya da hazırlanıb.
Əlbəttə, Ədliyyə sistemində görülən və görüləcək işlər bütün bunlarla yekunlaşmır. Görünən odur ki, Fərid Əhmədovun rəhbərliyi altında həyata keçirilən islahatlar prosesi öz bəhrəsini verməkdədir.
İnanırıq ki, Pentensiar xidmət rəhbərliyinə Sahib Razayev kimi uğurlu bir kadrın təyin olunması da bu islahatlara əlavə müsbət çalarlar qatacaq. Bu səbəbdən, ən qısa müddətdə cəzaçəkmə müəssisələrində müsbət dəyişikliklərin şahidi olacağımıza inanırıq. Necə ki, artıq onun işartıları görünməkdədir.
Təsadüfi deyil ki, dünənədək həbsxanalardakı vəziyyətin dözülməz olduğunu, məhkumlara qarşı sərt rəftar edildiyini, onlara işgəncə verildiyini deyən məhkum yaxınları artıq tamamilə fərqli fikirlər irəli sürürlər. Məsələn, artıq məhkumların öz yaxınları ilə görüşməsinə, telefon əlaqəsi yaratmasına qoyulan suni əngəllərin aradan qaldırıldığı, eləcə də onların keyfiyyətli qida məhsulları ilə təmin edildiyi haqda fikirlər səsləndirilər…
Unutmaq olmaz ki, heç bir şəxs cinayətdən sığortalanmayıb. Bu gün cəmiyyətdə ən nümunəvi insan kimi tanınan vətəndaşlar belə, sabah bu və digər səbəbdən cinayətkar kimi hakim qarşısına çıxarıla bilər. Amma onun cinayət törətməsi insanlığını şübhə altına almamalıdır.
Odur ki, türmələrdəki vəziyyətin düzəlməsi üçün hər bir məhkuma, hətta ən qatı cinayətkara belə, insan kimi davranılmalı və o, türmə rəhbərliyinin “qanunları” ilə deyil hüquq çərçivəsində öz cəzasını çəkməlidir. Belə olarsa, Azərbaycan həbsxanalarında mövcud olan neqativ durumun ən qısa zamanda müsbətə doğru dəyişəcəyinə kimsənin şübhəsi olmasın.
Hurriyyet.net