📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"TV reytinqdən asılıdır, sən baxmasan o mənasız verilişlər də efirdə olmayacaq" - NATİQ CƏFƏRLİ

2024-01-04 13:16:45

"TV-lərdən şikayət etməkdənsə ədalətli sistemə söykənən rəqabətli iqtisadi mühitin yaradılmasına çalışaq"

"Məmləkətdə camaatın, toplumun hər şeydən - yüksək qiymətlərdən, ədalətsiz mühitdən, korrupsiyadan, inhisarçılıqdan, qanunsuz siyasi həbslərdən, bağlı qalan quru sərhədlərdən, bir sözlə, bir çox məsələdən şikayətini anlayıram, bir tək TV kanallardan, orada göstərilənlərdən şikayətini anlaya bilmirəm. Hələ ki, ölkədə kanal seçmək hüququmuz var, bu məsələyə hökumət qarışmır, əlimizdə pult, əksəriyyətin evində kabel televiziyası var, xoşun gəlmir baxma, TV reytinqdən asılıdır, sən baxmasan o mənasız verilişlər də efirdə olmayacaq, elə sən baxırsan deyə elə verilişlər ekranlarda görünür". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib. 

Politoloqun fikrincə, dünyada, elə bizdə də böyük ekran kiçik ekrana, TV-lər telefona, planşetə uduzub: "Bu faktdır, bəs nədir bizdə israrla TV tənqidinin səbəbi?! Bizim evdə TV böyük planşet kimi işləyir, daha çox internetə çıxış üçündür. Amma mənim TV-lərdə baxdığım kanallar da var, idman, futbol oyunlarını çıxsam, TV-də ən çox izlədiyim kanalları və verlişləri sizinlə böyüşə bilərəm: 1) History Channel - əsasən orda qədim tarix haqqında canlandırılmış hekayələrə baxmağı xoşlayıram, 2) DMAX və ya Discovery Channel – bu kanallarda əsasən antik mallar satıcısı Drew Pritchardın verlişini, avtomobil təmiri, bərpası ilə məşğul olan “Wheeler Dealers” verlişini izləyirəm, 3) Heyvanlar aləmindən bəhs edən bir neçə kanala baxıram. Bizdə TV kanallar normal iqtisadiyyat olanda düzələcək. TV reklamdan, reklam rəqabətdən, rəqabət isə ədalətli sistemdən asılıdır. Odur ki, TV-lərdən şikayət etməkdənsə ədalətli sistemə söykənən rəqabətli iqtisadi mühitin yaradılmasına çalışaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az