Ucarda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - Fotolar
Bu gün Ucar rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr barədə müşavirə keçirilib.
Hurriyyet.net xəbər verir ki, müşavirədə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Ucar rayonundan seçilmiş nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
İcra başçısı Mənsur Məmmədov müşavirədə geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə söz açıb.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edən M.Məmmədov ideoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Müşavirədə şəhid atası Məhəmmədəli Əliyev şəhid ailələri adından çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayın əhəmiyyətindən danışıb. Məhəmmədəli Əliyev şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətin vətəndaşlara verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib.
Çıxış edən Vətən müharibəsi əlili Ayaz Həsənli, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərən Nərmin Rüstəmova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri İsmayıl Məhəmmədov, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Tamara Mirişli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, gənclərin informasiya təhlükəsizliyinin təmin olunması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş söz açıblar.









