📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uduzan tərəf biz olsaydıq, erməniləri durdurardılarmı?

2021-11-09 14:26:00

Uduzan tərəf biz olsaydıq, erməniləri durdurardılarmı?

Futbol oyununda olduğu kimi, müharibədə də üç potensial nəticə var: qələbə, məğlubiyyət, heç-heçə.

Məğlubiyyət bizə yad hiss deyil, onun nə olduğunu 28 il boyunca yadımızdan bir an belə çıxarmadıq, acısını daddıq, möhnəti ilə yaşadıq.

Müharibə qələbəsinin sevincini bir ildir yaşayırıq, fərəhini duymaqda davam edirik.

Ancaq müharibənin heç-heçəsi əslində bütün tərəflər üçün məğlubiyyətə bərabərdir. Bu savaşda bir qarış torpaq, ərazi itirilməsə də, hərbi əməliyyatlar başlayan andan tərəflərin hər ikisi (başqaları da qatılıbsa, hamısı) uduza-uduza gedir: gənc insanlar həlak olur, yaralanır, tikililər dağılır, körpülər uçulur, torpaq xəndək olur.

Ötən il başlayan və 44 gün davam edən hərbi kampaniyanın heç-heçə bitəcəyi qorxusu böyük idi, şükür ki, bu, baş vermədi.

2657205.jpg (44 KB)

44 günün içində qələbə qazandıq, ancaq böyük güclər keçən ilin bu günü bizə düşmənləri fərqli hesabla, tam darmadağınla məğlub etməyə imkan vermədilər.

Qarabağ münaqişəsinin bir neçə günlük ömrü qalmışdı. Daha üç gün keçəcəkdi və Qarabağın ermənilər yaşayan məntəqələrində üzü bəri güllə atan düşmən qalmayacaqdı.

İndi yeni od-alovlu müharibə olmasa da, münaqişəni tənzimləmək üçün əsəb cırmaqlayan söz-söhbətlər, mübahisələr sürüb gedəcək, proses uzanacaq.

Xatırlayırsınızsa, ermənilərdən ötrü bizimlə cəngi-cidaya qalxan dövlətlər çox idi: Fransa, ABŞ, Kanada, Niderland, Belçika, Almaniya, Avstriya, Yunanıstan, digər Avropa dövlətləri... Lap axırda Rusiya da 44 günlük neytrallığını sona qədər qorumadı və müdaxilə etdi.

Bəs əksinə olsaydı, biz müharibədə geri çəkilən, uduzan tərəf olsaydıq, bu dövlətlər aqressiv Ermənistanı durduracaqdılarmı? Əsla.

54.jpg (41 KB)

Ortada parlaq presedent də var. Bundan qabaq ermənilərin 5 il boyunca yaşayış məntəqələrimizə hücuma keçməsi, ölkəmizin ərazisinin 20 faizini işğal etməsi, Xocalıda genosid aktı törətməsi, rayonlarımızı ard-arda tutması ilə müşayiət olunan hərbi kampaniya olub, Avropanın “sülhsevər” ölkələri irəli durub, “aqressiyanı dayandırın” deyiblərmi?

Ən yaxşı halda onlar tərəflər arasında bərabərlik işarəsi qoyublar. Sanki 7 rayonu işğal olunan ölkə ilə suveren dövlətin 20 faizini işğal edən ölkə eyni dərəcədə günahkardırlar və onları bir-birindən ayırmaq, aqressorun kim, hücuma məruz qalanın kim olduğunu demək olmaz.

Bir də BMT-nin 28 il ərzində heç nəyə yaramayan, elə kağız üzərindəcə qalan qətnamələri vardı. Bir az yumşaq kağızdan olsaydı, bəlkə də bir işə yarayardı.

Ancaq keçən il bu vaxt ermənilər güclü olsaydılar və hücum edərək, öncədən dinc sakinlərini bombaladıqları Gəncəni tutsaydılar, həmin o “sülhpərvər” dövlətlərin bəyanatları bu səpkidə olacaqdı: “Hərbi əməliyyatlar təhlükəsizlik bandajı yaratmaq məqsədi daşıyır”.

1111.jpg (154 KB)

Hətta Ermənistan qoşunları hücumlarını dayandırmayıb Bakıya doğru irəliləyə bilsəydi (yeri gəlmişkən, düşmənin belə bir iddiası vardı, müdafiə naziri səviyyəsində dilə gətirilmişdi), Azərbaycan dövlətini yerli-dibli ləğv etməyi bacarsaydı, Türkiyə, İsrail, Pakistan kimi ölkələr xaric, heç bir dövlət buna müqavimət göstərməyəcəkdi.

Əksinə, orda-burda sübut edəcəkdilər ki, Azərbaycan adlı dövlət Lenin və Stalinin yerli bolşeviklərə hədiyyəsi olaraq, süni şəkildə yaradılıb, ona görə də tarixin gərdişi ilə süquta, parçalanmağa məhkum idi.

Beləcə, bu ölkəni pay-bölüş edəcəkdilər, hərə bir şaqqasını qamarlayacaqdı. Bəs 10 milyonluq xalq necə olacaqdı? “Beynəlxalq birlik” ona da çözüm tapacaqdı: qoy onların çoxu Ermənistan dövlətinin tərkibində mədəni muxtariyyata malik olsunlar; bir yarısı Rusiyanın tərkibinə daxil olan Bakı-Quba muxtar diyarının vətəndaşı olsun; cənub bölgəsində yaşayanlar İran sakinlərinə çevrilsinlər, bununla razılaşmaq istəməyənlər isə başqa ölkələrə köçsünlər.

Ermənilər bütün dünyaya Bakının erməni şəhəri olduğunu sübut edəcək potensiala malik olduqları üçün ortaya xeyli sənəd də tökəcəkdilər: Bakını 1860-cı illərdən sonra Mantaşov və digər erməni milyonçular tikiblər, sovet dövründə Azərbaycana erməni bolşevik liderlər (Stepan Şaumyan, Levon Mirzoyan, Ruben Rubenov) rəhbərlik edib, Bakının rayonlarında, nazirliklərdə yüzlərlə erməni kadr çalışıb və sair və ilaxır.

Bir az aşağı, bir az yuxarı belə olacaqdı. Bunu ona görə yazıram ki, qazandığıməz qələbənin miqyasını, əhəmiyyətimi, qədrini bilək.

İllərdən bəri təkrarladığımız və keçən ilin bu günlərində tam təsdiqlənən bir fikri yenə yazaq: Güclü və monolit olmaq, heç kəsdən mərhəmət ummamaq, heç kəsin insafından asılı olmamaq, yadellilərin qapısında boynuburuq durmamaq lazımdır.

unnamed.jpg (43 KB)

O üç rəngli bayrağımız yüksəkliklərdə dalğalandıqca millət olaraq başımız salamat olacaq. O bayrağı qorumaq gərəkdir.