📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna böhranı dərinləşir - Türkiyə-Rusiya əlaqələri korlana bilərmi?

2021-12-30 11:29:00

Ukrayna böhranı dərinləşir - Türkiyə-Rusiya əlaqələri korlana bilərmi?

Politoloqlar Ankara-Moskva münasibətlərində problem olmayacağını düşünür, amma...

Ukrayna böhranının get-gedə dərinləşməsinin regionda geopolitik duruma, digər ölkələr arasında münasibətlərə necə təsir edəcəyi ilə bağlı müxtəlif ehtimallar səslənir. Qeyd edilir ki, ən ciddi problem Rusiya ilə Türkiyənin münasibətlərində yaşana bilər. Çünki Rusiya Ukrayna məsələsində geri addım atmaq niyyətində deyil. Paralel olaraq da Türkiyə Ukraynanı birmənalı müdafiə etməkdə davam edir.

Bəs belə vəziyyətdə Türkiyə-Rusiya münasibətləri Ukraynada pozula, gərginləşə bilərmi? Bu iki dövlətin Qarabağ məsələsində anlaşması və Azərbaycana dəstək verməsi ölkəmizə ciddi qələbə qazandırdı. Amma Ukraynada münasibət pozulsa, zərərimizə olmazmı? Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünü tanıyır. Xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfləri təmkinli olmağa çağırıb, Rusiyanın məsələyə daha obyektiv yanaşmalı olduğuna işarə edib. Ukrayna Türkiyə üçün Rusiya ilə münasibətləri korlayacaq qədər önəmlidir? Krım faktorunu çıxsaq, Kiyevlə Ankaranı hansı maraqlar birləşdirir? Bu il Rusiya Ukraynaya hücum etmədi. Bəs 2022-ci ilin ilk günlərində, ilk aylarında gözlənilən müharibə başlaya bilərmi?

Qarabağda müasir infrastruktur yaradılır- Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov bildirdi ki, Türkiyə-Rusiya münasibətlərinin Ukrayna məsələsinə görə pozulacağı gözlənilmir. Çünki dəfələrlə Rusiya siyasi rəhbərliyi tərəfindən bu məsələ ilə bağlı kifayət qədər açıq bəyan edilib ki, Ukrayna məsələsi Rusiya-Türkiyə münasibətlərini poza bilməz: “Rusiya Asiyadan Avropaya qədər uzanan çox böyük layihələrdə Türkiyə ilə birlikdə iştirak edir. Bu iki ölkə arasında əlaqələrin yüksək olması mərkəzi Asiyadan Macarıstana qədər bütün ölkələrin maraqlarına xidmət edir. Odur ki, Rusiya-Türkiyə münasibətləri Ukraynaya görə pozulmayacaq. Hətta Türkiyənin Ukraynaya ”Bayraqdar" PUA-ları satması Rusiya tərəfindən normal qarşılandı, Rusiya bunun Türkiyənin öz siyasi işi olduğunu bəyan etdi və bu məsələyə qarışmayacağını bildirdi.

Türkiyəni Ukraynaya bağlayan Krım faktoru ilə yanaşı Qara dəniz ölkəsi olmaları amilidir. Türkiyə regional güc olmaqla yanaşı, artıq qlobal gücə çevrilməkdədir. Bu amil və NATO-nun üzvü olması Türkiyənin Ukrayna ilə siyasi, hərbi müttəfiqliyi normal qarşılanmalıdır. Rusiya bunu anlayışla qarşılayır.

Hazırda Rusiyanın Ukraynaya hərbi hücum etmək planının olmadığını düşünürəm. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin pozulacağından narahat olmamalıdır. Münasibətlərin pozulması ehtimalı yoxdur. Nəzəri baxımdan münasibətlərdə gərginlik olacağını hesab etsək, şübhəsiz, bu vəziyyət Azərbaycanın zərərinə olar. Çünki Türkiyə-Rusiya tandemi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın bir sıra ciddi məsələlərinin həllində bu ölkələrin əməkdaşlıq münasibətlərində olmasının ciddi təsiri var".

Politoloq Ilyas Huseynov - YouTube

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Rusiya-Ukrayna münasibətləri kifayət qədər gərginləşib və Rusiya ilə Qərb arasında olan konfrontasiyada da bu münasibətlər əsas götürülür. Rusiya Ukraynanın cənub-şərqinə hücum etməyə hazırlıq görür. Lakin əslində böyük ehtimalla hücumu gerçəkləşdirməyəcək. Bəzi analitiklər iddia edirdilər ki, qış gələn kimi Rusiya hərbi əməliyyata başlayacaq. Lakin bu iddialar reallaşmayıb. Reallaşması da gözlənilmir. Rəsmi Bakı da baş verən prosesləri ciddi izləyir. Çünki Azərbaycanın həm Ukrayna ilə sıx münasibətləri, həm də Türkiyə ilə müttəfiqlik münasibətləri, Rusiya ilə də yaxın münasibətləri mövcuddur. Ukrayna böhranının dərinləşməsi qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil.

Türkiyə üçün Ukraynanın əhəmiyyətinə gəlincə, Türkiyə üçün Qara dəniz hövzəsində mövqelərini qoruyub inkişaf etdirmək son dərəcə strateji əhəmiyyətli məsələdir. Yəni təkcə Krım tatarlarının hüquqlarını qorumaq məsələsi deyil. Türkiyənin Ukrayna ilə müdafiə sənayesi sahəsində çox sıx əməkdaşlığı var. İqtisadi əlaqələr də çox yüksək səviyyədədir. Bütün bu faktorlar da Ukraynanı Türkiyə üçün çox vacib ölkəyə çevirir. Əslinə qalsa, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tormozlayan ən mühüm faktorlardan biri Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasıdır. Müharibənin 2022-də olacağını istisna edirəm".

“Yeni Müsavat”