📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna dronlarından sarsıdıcı zərbə: Rusiyanın neft-kimya zavodu alovlar içində!

2026-11-15 16:14:03

Ukrayna dronlarından sarsıdıcı zərbə: Rusiyanın neft-kimya zavodu alovlar içində!

Ukrayna ordusuna məxsus uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən ölkənin ən böyük neft-kimya komplekslərindən birinə hücum edib.

Hurriyyet.net xəbər verir ki, noyabrın 15-nə keçən gecə baş verən hücum nəticəsində "Sibur" holdinqinə daxil olan strateji "Nijnekamskneftexim" zavodunun ərazisində güclü partlayışlar qeydə alınıb və ardınca irimiqyaslı yanğın başlayıb. Monitorinq kanallarının və yerli sakinlərin yaydığı videogörüntülərdə sənaye nəhənginin ərazisindən qalxan nəhəng alov dilləri və qatı tüstü aydın şəkildə əks olunub. Şahidlərin sözlərinə görə, ilk zərbədən sonra da ərazidə partlayış səsləri və təkrar hücum təhlükəsi davam edib.

Qeyd edək ki, Ukrayna sərhədindən 1200 kilometrdən çox uzaqlıqda yerləşən "Nijnekamskneftexim" təkcə Rusiyanın deyil, bütün Avropanın ən iri neft-kimya müəssisələrindən biri sayılır. İllik istehsal həcmi 3 milyon tona çatan bu zavod Rusiya sənayesi, o cümlədən hərbi-sənaye kompleksi və avtomobil şinləri istehsalı üçün həyati əhəmiyyət daşıyan sintetik kauçuk, plastik kütlələr və etilenin əsas tədarükçüsüdür.

Xatırladaq ki, Nijnekamsk sənaye zonası daha əvvəl də (iyul, avqust və sentyabr aylarında) dron hücumlarına məruz qalmışdı, son həftələrdə isə Ukrayna qüvvələri Volqoqrad, Omsk, Ryazan və Yaroslavl başda olmaqla Rusiyanın onlarla iri neft emalı zavodunu sıradan çıxarıb.