📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna ətrafında baş verənlər yaxın vaxtlarda sakitləşənə oxşamır" - SAMİR HÜMBƏTOV

2022-02-22 14:20:00

"Rusiya təzyiqlərini artırsa belə, Ukrayna NATO-ya qoşulmaq barədə fikirindən dönməyəcək"

"Bir gün öncə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın nüfuzlu CBS telekanalının suallarını cavablandırarkən belə bir ifadə işlətmişdir; “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir". Həmin bu ifadədən təqribən bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putinin dünya birliyi tərəfindən Ukraynanın suveren ərazisi kimi tanınan və 2014-cü ildən bəri Rusiyanın dəstəyi ilə separatçıların nəzarətində qalan "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması dünya birliyinə ciddi bir siqnal olmaqla yanaşı, həm də tarixin və beynəlxalq hüququn kobud şəkildə pozulmasının göstəricisi kimi dəyərləndirilə bilər". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib.

Politoloq hesab edir ki, burada ilk yada düşən 1994-cü ildə Rusiya, Böyük Britaniya, ABŞ, Belarus, Qazaxıstan və Ukraynanın iştirakı ilə imzalanmış müqavilədir: "Həmin müqavilənin şərtlərinə əsasən Ukrayna, Qazaxıstan və Belarus SSRİ dövründən əllərində qalan nüvə başlıqlarını və yaxud nüvə silahlarını Rusiyaya verir, əvəzində isə Rusiya da ABŞ və Böyük Britaniya kimi onlara təhlükəsizlik və ərazi bütövlüyü təminatı verir. Son baş verən hadisələrdən belə nəticə çıxır ki, 1994-cü ildə imzalanmış müqavilə ikitərəfli Ukrayna üçün xoşagəlməz nəticə verdi. 1. Ərazi bütövlüyü və təhlükəsizliyi pozuldu, 2. Böyük güclər tərəfində təhlükəsizlik təminatı hesab edilən nüvə silahı da əlində çıxdı. İndi həmin müqaviləni imzalayan digər ölkələr isə Ukraynada baş verən proseslərə sadəcə sözdə dəstək verməklə kifayətlənirlər. Məhz buna görədir ki, Ukraynada Qərbin onları dəstəkləyəcəyi ilə bağlı fikirləri demək olar ki, hər keçən gün bir az daha azalır".

"Bundan sonra necə olacaq? Ukrayna NATO-ya inteqrasiya edəcəkmi" yaxud başqa variant seçəcək?" sualını cavablandıran Samir Hümbətovun sözlərinə görə, Ukrayna NATO-ya qoşulmaq barədə fikirlərindən dönməyəcək: "Hətta Rusiya təzyiqlərini artırsa belə. Amma onun yaxın günlərdə NATO-ya daxil edilməsi o dərəcədə inandırıcı görünmür. Bunun isə bir neçə səbəbi var. 1. NATO-ya üzv olan dövlətlərin Ukraynanın bu quruma üzv olması ilə bağlı həmfikir olmaması, 2. Ukrayna ərazisində qaynar proseslərin hələ də aktiv şəkildə davam etməsi, 3. NATO-ya üzv olan dövlətlərin iqtisadi məsələlərdə, xüsusilə də enerji məsələlərində hələ də Rusiyadan asılı halda olmasıdır. Hər vəziyyətdə Ukrayna ətrafında baş verənlər yaxın vaxtlarda sakitləşənə oxşamır. Amma görünən odur ki, bundan sonrakı mərhələdə atılan addımlar və alınan qərarlar daha dəqiq hesablanmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az