📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna ilə hərbi qarşıdurma Rusiya üçün də fəlakətli nəticələr verə bilər"

2022-01-25 10:02:00

Ərəstun Oruclu: "Moskvanın Ukraynaya hərbi müdaxiləsi təkcə ölkənin hakim zümrəsində deyil, cəmiyyətdə də ciddi fikir ayrılığı və hətta radikallaşma meylləri doğura bilər"

Xaqani Cəfərli: "Əgər Böyük Britaniya, Polşa və Ukrayna arasında hərbi-siyasi ittifaq yaransa, bu, postsovet çoğrafiyasında oyun qaydalarının kəskin dəyişməsi demək olacaq"

Rusiya-Ukrayna münasibətləri hər ötən gün daha kritik mərhələyə qədəm qoyur. Məhz elə bu səbəbdən də həm yerli, həm də əcnəbi analitiklərin bir qismi həyəcan təbili çalır, Rusiyanın hər an Ukraynaya hücum edəcəyini bəyan edirlər. Qeyd edək ki, Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk isə artıq dəqiq hücum tarixini belə, açıqlayıb. Bununla bağlı virtualaz.org-da yer alan informasiyaya görə, Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər.

Belə ki, "Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir" deyən ukraynalı general fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günü olduğunu və Rusiyanın bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürdüyünü qeyd edib. Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin çox ağır olacağını vəd edən Pavlyukun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər. Ukraynalı general bildirib ki, hazırda ölkəsi Rusiyanın təcavüzünü dəf etməyə fəal şəkildə hazırlaşır. Hərbçilərlə birlikdə ölkəni qoruyacaq ərazi müdafiə bölmələri yaradılıb. Söhbət bütün Ukrayna üzrə 100 mindən çox könüllüdən gedir. Onun fikrincə, Kreml ölkənin hərbi və sənaye potensialına maksimum ziyan vurmaq üçün zərbələrini ölkənin cənub-şərqində cəmləşdirəcək, həmçinin onu Qara dənizdən kəsməyə çalışacaq: "Ruslar şərqdə təkcə Donetsk və Luqanskla kifayətlənməyəcək".

Almaniya kansleri Olaf Şolts isə bəyan edib ki, Rusiyanın Ukrayna sərhədində yüz min əsgər və xeyli sayda hərbi texnikasının cəmləşməsinə göz yummaq olmaz. Bunun heç bir məntiqi izahının olmadığını vurğulayan kansler hesab edir ki, bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir. Rusiya təhlükəsinin real olduğunu anlayan Latviyanın Müdafiə Nazirliyi isə öz növbəsində, münaqişənin kəskinləşəcəyi təqdirdə ölkəsinin Ukraynaya ABŞ istehsalı olan "Stinger" raket sistemləri, individual avadanlıq və quru qidalar göndərəcəyini qeyd edib. Böyük Britaniya isə Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar hazırlayır. Belə ki, artıq Britaniya Rusiyanın SVİFT beynəlxalq ödəniş sistemindən ayrılmasını dəstəkləmək variantını nəzərdən keçirir. Bundan əlavə, Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, sanksiyalara "Şimal Axını-2"yə qarşı tədbirləri qatmamaq olmaz. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq isə Avropa Birliyinin Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları paketi üzərində işlədiyini vurğulayıb: "Hazırda geniş iqtisadi və maliyyə sanksiyaları paketi üzərində iş gedir. Hücum olacağı təqdirdə, çox aydın, birmənalı və sürətli cavab veriləcək".

NATO-da əsas söz sahibi olan dövlətə - ABŞ-a gəlincə, Amerika artıq hərbi yardım çərçivəsində Ukraynaya ikinci partiya olaraq 80 tonluq silah-sursat göndərib və bunun son olmadığı bəyan edilib. Bununla yanaşı, axar.az-da yer alan məlumata görə, ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsinin və diplomatların ailə üzvlərinin Ukraynanı tərk etməsinə icazə verib. Belə ki, Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına çağırış edərək onlara kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək, ölkəni indi tərk etməyi tövsiyə edib.

"Qlobal güclər bütün vasitələrlə Rusiyanı Ukrayna ilə müharibəyə sürükləməyə çalışırlar" 

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Ərəstun Oruclunun sözlərinə görə, Ukrayna ətrafında qızışdırılan vəziyyət belə qənaətə gəlməyə əsas verir ki, ya Rusiya bu ölkəyə hücum edəcək, ya da onun rəqibi olan qlobal güclər məhz bunda maraqlıdırlar və Moskvanı bütün vasitələrlə müharibəyə sürükləməyə çalışırlar: "Öncə onu qeyd etmək yerinə düşərdi ki, bu təəssüratı yaratmaq üçün hər iki tərəf, yəni həm Rusiya, həm də NATO, xüsusilə də ABŞ və Böyük Britaniya əllərindən gələni edirlər. Yəni, bu, "blefdə" hər iki tərəfin dəst-xətti açıq görünür. Obyektiv təhlil apardıqda bir neçə ehtimal üzə çıxır ki, bunlar da Avrasiya məkanındakı real durumdan qaynaqlanır. Real durum isə budur ki, hazırda yeni geosiyası arxitekturanın konturları çızılmaqdadır. Məlumdur ki, belə qlobal hadisələr daim böyük müharibələrlə müşaiyət olunub. Elə Birinci və İkinci Dünya Müharibələrini xatırlamaq kifayət edər".

"Rusiya doğrudan da Ukraynaya hücum edə bilər" sualını cavablandıran siyasi şərhçi hesab edir ki, buna müsbət cavab aşağıdakı 3 halda mümkündür: "Birincisi, Moskva üçün təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən "Şimal Axını-2" birdəfəlik dəfn olunur. Belə olduqda Rusiya öz qazının xeyli hissəsini yenə Ukrayna vasitəsilə ixrac etməli olacaq ki, bu da Kiyevə ağır şərtlər irəli sürmək imkanı verə bilər. Məsələn, Donbasdan və Luqanskdan separatçı adı altında Ukraynaya qarşı döyüşən Rusiya diversantlarını çıxarmaq və həmin ərazilər üzərində Ukraynanın suverenliyini tanımaq. Nəzəri baxımdan Rusiya hətta bununla razılaşsa belə, ardınca Krımla bağlı tələbin olmayacağı da istisna deyil. Ssenari Moskva üçün nəinki əlverişli deyil, hətta Rusiyanın daxili siyasi vəziyyətinə təsir edərək Kreml uğrunda gedən mübarizəni də kəskinləşdirə bilər. Bu halda da Rusiyanın hərbi gücə əl atmaqdan başqa seçimi qalmır və deməli, müharibə qaçılmaz olur. İkincisi, Ukrayna NATO-ya üzv olmağa yaxınlaşır və bu da Rusiya rəhbərlərinin dəfələrlə açıq bildirdiyi kimi, Moskva üçün "qırmızı xətt" sayılır və deməli, bu halda da gərginliyin hərbi qarşıdurmaya keçmək ehtimalı artır. Nəhayət, üçüncüsü, Kiyev işğal altında olan ərazilərini hərbi güc yolu ilə azad etmək üçün hərəkətə keçir və Moskva 2014-cü il "Minsk Anlaşmasını" əsas gətirərək separatçıların nəzarətində olan bölgələrə hərbi qüvvələrini yeridir".

"Rusiya-Ukrayna hərbi qarşıdurması ehtimalı var, amma bu, hələ genişmiqyaslı müharibənin olacağını deməyə əsas vermir"

Ərəstun Oruclunun fikrincə, hər üç halda Rusiya-Ukrayna hərbi qarşıdurması ehtimalı artır, amma bu da hələ genişmiqyaslı müharibənin olacağını deməyə əsas vermir: "Qərb mediasında isə söhbət əsasən belə müharibədən gedir. O zaman sual olunur ki, belə bir müharibə Rusiyaya lazımdır və ümumiyyətlə o, Moskvaya nə verə bilər? Göstərilən 3 haldan başqa qalan bütün hallarda Moskva müharibədə maraqlı olmamalıdır, çünki bu, təkcə Ukrayna üçün deyil, Rusiyanın özü üçün də fəlakətli nəticələr verə bilər. Əvvəla, Ukrayna bu gün həm hərbi baxımdan daha güclüdür, həm də beynəlxalq dəstəyə daha çox malikdir. Belə olduqda da Rusiyanın bu ölkəyə hərbi təcavüzü əks-effekt də verə bilər. Üstəlik də bu dəfə Qərb ölkələri - ABŞ, Fransa və ya Böyük Britaniya imazaladıqları 1994-cü il Budapeşt Memorandumunu əsas gətirərək Kiyaevə qeyri-məhdud həcmdə açıq hərbi dəstək göstərə bilərlər. Metodundan və səbəbindən asılı olmayaraq, Moskvanın Ukraynaya hərbi müdaxiləsi təkcə ölkənin hakim zümrəsində deyil, cəmiyyətdə də ciddi fikir ayrılığı və hətta radikallaşma meylləri də doğura bilər. Başqa sözlə, ruslar üçün Ukrayna nə Qazaxıstan, nə də Gürcüstandır. Mövcud sosial-iqtisadi və beynəlxalq vəziyyətdə daxili çalxalanma Kremlin birmənalı marağında deyil".

Siyasi ekspert onu da əlavə edib ki, yuxarıda qeyd olunan hər 3 halda olmasa da, 2-ci və 3-cüdə təxribatlar istisna deyil: "Məsələn, İkinci Dünya Müharibəsi ərəfəsində SSRİ-nin Finlandiyaya və ya həmin müharibənin başlanğıcı olan Almaniyanın Polşaya hücumunun "səbəbləri" kimi. Amma hər bir halda sağlam məntiq deyir ki, Rusiya maksimal dərəcədə Ukrayna ilə müharibədən qaçmalıdır. Amma bunun üçün hansısa alternativ addımlar atılmalıdır. Bəs Moskva hansı variantlara əl ata bilər? Birincisi, müharibə təxribatdan başlayır və deyək ki, Belarusla Litva və ya Belarusla Polşa arasında baş verir, Rusiya isə rəsmi olaraq müharibəyə qatılmadığını bildirərək, NATO-nun qoşulacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqini müdafiə etməyə məcbur olacağını bildirir. İkincisi, müharibə başlayır, amma NATO üzvü olmayan ölkələrdən biri ilə. Məsələn, İsveçlə. Bu halda NATO-nun qatılması ilə bağlı müzakirələr başlayır və mümkündür ki, alyans daxilində konsensus əldə olunmur. Rusiya isə vaxtdan istifadə edərək İsveçin hərbi dəniz qüvvələrini çıxışdırıb çıxarır və Baltik dənizinin böyük bir hissəsinə nəzarəti tam ələ keçirir. Üçüncüsü, müharibə baş verir, amma tamamilə fərqli istiqamətdə. Məsələn, Rusiya üçün Yaxın Şərqə çıxış əldə etmək məqsədilə Cənubi Qafqazda və ya Mərkəzi Asiyada. Bununla Moskva öz çaşdırıcı taktikasını davam etdirməklə yanaşı, həm də geosiyasi planlarını təmin edir. Və nəhayət, Moskva Çinə təhdid yaradan addımlar ataraq Qərbə mesaj verir ki, onun NATO, Avropa və ya ABŞ-la münaqişəyə getmək fikri yoxdur, əksinə Çinə təzyiq etmək məsələsində onlarla əməkdaşlıq edə bilər. Bunun üçün isə Rusiya Çinlə həmsərhəd ölkələrin birinə qarşı "Qazaxıstan əməliyyatı" sayağı hansısa addımlar ata bilər. Burda da seçim imkanı yetərincə genişdir. Bu, Qazaxıstanda vəziyyəti gərginləşdirməkdən tutmuş başqa bir Mərkəzi Asiya ölkəsinə və ya elə Monqolustana hərbi müdaxiləyədək hər şey ola bilər".

"Yaxın gələcəkdə Böyük Britaniyanın Cənubi Qafqaza yönəlik ittifaq təşəbbüsü də olacaq" 

Politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, Böyük Britaniya Polşa və Ukrayna ilə birlikdə yeni ittifaq yarada bilər. Böyük Britaniya Geostrategiya Şurasının London, Varşava və Kiyev arasında hərbi-siyasi ittifaq yaradılması ideyasının İngiltərənin xarici işlər naziri Elizabet Meri Trass tərəfindən dəstəkləndiyini vurğulayan politoloqun sözlərinə görə, əgər Böyük Britaniya, Polşa və Ukrayna arasında hərbi-siyasi ittifaq yaransa, bu, postsovet çoğrafiyasında oyun qaydalarının kəskin dəyişməsi demək olacaq: "Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının əsas səbəblərindən biri müstəqil və fəal xarici siyasət aparmaq idi. Londonun bu vəzifənin öhdəsindən gəldiyini söyləmək olar. Böyük Britaniya, Avstraliya və ABŞ arasında yaranmış Çinin hərbi-siyasi iddialarını cilovlamaq üçün yaradılmış AUKUS hərbi-siyasi ittifaq Londonun müstəqil və fəal xarici siyasət apardığının ilk böyük nəticəsi idi. Daha sonra Böyük Britaniyanın Ukraynaya bir neçə min tank əleyhinə raket göndərməsinin şahidi olduq. İndi isə gündəmə Böyük Britaniya, Polşa və Ukrayna hərbi-siyasi ittifaqının yaradılması gəlib". Politoloq hesab edir ki, yaxın gələcəkdə Böyük Britaniyanın Cənubi Qafqaza yönəlik ittifaq təşəbbüsü də olacaq.

Vazeh BƏHRAMOĞLU