"Ukrayna ilə müharibənin başlaması Rusiyada saraydaxili gərginliyi stimullaşdıra bilər" - RAMİL MƏMMƏDLİ
"Rusiya irimiqyaslı hərbi müdaxiləyə qərar verərsə, o zaman proseslər Moskvanın xeyrinə dəyişməyəcək"
"Hesab edirəm ki, hərbi əməliyyatlar başlayarsa, NATO və təşkilata daxil olan ölkələr ayrı-ayrılıqda Ukraynanı dəstəkləmək üçün lazımı tədbirlər həyata keçirəcək"
ABŞ kəşfiyyatının nümayəndələri avropalı müttəfiqləri xəbərdar ediblər ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə üçün şaxtaların düşməsini gözləyir. Bununla bağlı virtualaz.org-un "CBS News" telekanalına istinadən yaydığı məlumatda deyilir ki, Rusiya son bir ayda Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməkdədir. Bundan əvvəl də ABŞ kəşfiyyatı rəsmən Avropanı xəbərdar etmişdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə planı var.
Məlumata görə, ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hücuma başlamaq üçün şaxtaların düşməsini gözləyir və havaların soyuması ilə hərbi müdaxilə riski də artacaq. Belə ki, Rusiya ordusu qış şəraitində daha yaxşı döyüşmək qabiliyyətinə malikdir və şaxta Ukrayna ordusunun əleyhinə işləyə bilər: "Müdaxilə hava şərtlərindən asılıdır, amma Qərbin müdaxiləsi olmasa bir neçə həftə ərzində başlaya bilər".
Qeyd edək ki, "The New York Times" qəzeti də Rusiyanın Ukraynaya qarşı tezliklə hərbi əməliyyata başlayacağı haqda xəbərlər alıb. Qəzetin yazdığına görə, ABŞ özünün avropalı müttəfiqlərini əmin edir ki, Rusiya tezliklə Ukrayna ərazisinə müdaxilə edəcək və Moskvanın bu planlarına mane olmaq üçün təcili hərəkətə keçmək lazımdır. Amerikalı məmurların hesab etdiyi kimi, bunun üçün birgə sanksiyalar paketi qəbul etmək lazımdır. Qəzetin xəbərində deyilir ki, amerikalı rəsmilər Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunlarla bağlı nə edəcəyini hələ qərarlaşdırmayıb: "Lakin Amerika kəşfiyyatının nümayəndələri müttəfiqləri xəbərdar edir ki, Rusiyanın Ukraynaya müdaxiləsini əngəlləmək üçün çox az vaxt qalır və onlar Avropa ölkələrini Moskvanı çəkindirmək üçün birgə iqtisadi-hərbi tədbirlər paketinin hazırlanmasına inandırmağa çalışırlar". O da bildirilir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Evril Heyns ötən həftə Brüsselə səfər edərək Rusiyanın Ukraynaya müdaxilə planlarının detallarını NATO ölkələrinin hərbi nümayəndələri ilə müzakirə edib.

"Putinin yaşı, həmçinin onun uzun müddətdir Rusiyaya rəhbərlik etməsi artıq bəzi dairələrdə narahatlıqla qarşılanır"
Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli hesab edir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı məsələyə keçməzdən öncə bir sıra məqama toxunmaq vacibdir: "Təbii ki, ilk növbədə Rusiyanın hazırkı durumuna, daxili siyasi vəziyyətinə, həmçinin xarici ölkələrlə olan münasibətlərinə diqqət yetirmək lazımdır. Artıq heç kimə sirr deyil ki, hazırda Rusiyanın daxilində ciddi siyasi proseslər gedir. Bunun isə əsas səbəbi saraydaxili gərginliklə bağlıdır. Bəllidir ki, Rusiya prezidenti Vladimir Putin müəyyən vasitələrdən istifadə edərək, sağlamlığını qoruya bilsə də, lakin artıq yaşlaşır. Yəni, etiraf etmək lazımdır ki, yaş öz sözünü deyir. Bu mənada, artıq Putinin yaşı müəyyən sahələri, yetkili şəxs və qurumları narahat etməyə başlayıb. Buna görə də artıq müəyyən dairələrin bir sıra tədbirlər görməsi üçün zərurət yaranıb. Ən vacib məqamlardan biri də odur ki, Putinin yaxın ətrafı bu məsələdə olduqca təhlükəli vəziyyətdədir".
Bu gün Rusiyanı prezident Vladimir Putin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev və Federasiya Şurasının sədri Valentina Matviyenkodan ibarət beşliyin idarə etdiyini vurğulayan hərbi-siyasi icmalçının sözlərinə görə, onların arasında da bir qədər narahatlıq var: "Belə ki, Putinin yaşı, həmçinin onun uzun müddətdir Rusiyaya rəhbərlik etməsi artıq bəzi dairələrdə narahatlıqla qarşılanır. Odur ki, Ukrayna ilə müharibənin başlaması Rusiyada gərginliyi, xüsusilə də saraydaxili gərginliyi stimullaşdıra bilər. Bu isə Putin üçün heç də yaxşı nəticələr vəd etmir".
"Rusiyanın mövcud iqtisadi imkanları da Ukrayna ilə savaşa başlamamağı diqtə edir"
Ramil Məmmədlinin qənaətincə, Rusiyanın mövcud iqtisadi imkanları da Ukrayna ilə savaşa başlamamağı diqtə edir: "Əlbəttə, silah, texnika və canlı qüvvə baxımından, bu gün Rusiyanın hər hansı bir problemi yoxdur. Bundan başqa, Ukrayna ordusu da Rusiyanın ciddi narahatlıq keçirə biləcəyi səviyyədə deyil. Lakin bu gün artıq dünya dəyişib və müasir texnologiyalar açıq döyüşlərdə özünü göstərir. Xüsusilə də Suriya, Qarabağ və digər irimiqyaslı hərbi əməliyyatlarla bağlı bunu demək mümkündür. Bu baxımdan, rusiyalı hərbi mütəxəssislər yaxşı başa düşürlər ki, 10 il bundan öncə aparılan hərbi əməliyyatlar bu gün aparıla bilməz. Təbii ki, Rusiya çox güclü taktiki raket komplekslərinə malikdir. Ancaq bu, heç də o demək deyil ki, Rusiya öz ərazisindən Kiyev, Xarkov, Lvov və Ukraynanın digər şəhərlərinə zərbə endirəcək. Məlumdur ki, 2014-cü ildə Ukrayna ərazisində qondarma qurum - "Novorossiya Respublikası" ("Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası") yaradılıb. Bu qondarma qurumlar isə Rusiyanın əlində olan taktiki raket komplekslərindən istifadə edə bilməzlər. Məsələni digər tərəfə yönəltsək, onu görərik ki, Rusiya Ukraynaya qarşı açıq hərbi əməliyyatlara başlayarsa, onda artıq digər ərazilərdə hansı vəziyyətin yaranacağı bəllidir. Biz Putinin siyasətini çox yaxşı anlayırıq. Belə ki, o, bir sıra bölgələrdə münaqişələri dayandıraraq, bir neçə cəbhədə yox, mərhələli şəkildə bir istiqamətdə döyüşməyi qarşısına məqsəd qoyub. Məsələn, Qarabağ münaqişəsini sürətli həll edib, sonrakı mərhələdə Gürcüstan və ardınca Moldova ilə bağlı məsələni yoluna qoymağı planlaşdırır".
"Müharibənin başlamasıyla Belarusda da ciddi gərginlik yarana və nəticədə Putinin müttəfiqi Aleksandr Lukaşenko hakimiyyətdən devrilə bilər"
"Artıq Ukrayna 2013-2014-cü ilin Ukraynası deyil" deyən hərbi-siyasi icmalçının fikrincə, Rusiya irimiqyaslı hərbi müdaxiləyə qərar verərsə, o zaman proseslər Moskvanın xeyrinə dəyişməyəcək: "Rusiyanın dünyanın super dövlətlərindən biri olmasına baxmayaraq, onun açıq döyüş aparmaq imkanı məhduddur. Onu da qeyd edim ki, Rusiya Krımdan fərqli olaraq, Donbas problemini hibrid müharibə formatında həyata keçirdi. Belə ki, Kreml həmin bölgədəki rusları silahlandırıb, eyni zamanda Rusiya ərazisindən çoxlu sayda ruslar gələrək həmin ərazidə döyüşdülər. Lakin bütün buna rəğmən, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxiləyə qərar verməsi də istisna edilmir. Buna görə də bu gün Ukrayna ordusu faktiki olaraq NATO-nun idarəçiliyindədir. NATO-nun mütəxəssisləri Ukrayna ordusunun inkişaf etdirilməsi üçün müəyyən tədbirlər, zəruri layihələr həyata keçirirlər. Odur ki, Rusiya öz hərbi maşınından nə qədər istifadə etsə də, Ukrayna ordusunu sıxışdırıb çıxarmaq səviyyəsində deyil. Təbii ki, ilk növbdə müharibənin başlamasına imkan verməyəcəklər. Çünki bu, Rusiya üçün növbəti bir cəbhənin açılması ola bilər və istisna deyil ki, bundan sonra Belarusda da vəziyyət qarışacaq. Nəticədə, Belarusda ciddi gərginlik yarana və nəticədə Putinin müttəfiqi Aleksandr Lukaşenko hakimiyyətdən devrilə bilər. Son seçkilər də göstərdi ki, Lukaşenkonun dayaqları o qədər də güclü deyil. Bu baxımdan, hesab edirəm ki, hərbi əməliyyatlar başlayarsa, NATO və təşkilata daxil olan ölkələr ayrı-ayrılıqda Ukraynanı dəstəkləmək üçün lazımı tədbirlər həyata keçirəcək".
Vazeh BƏHRAMOĞLU