Ukrayna ilə Rusiya arasında müharibə başlayır?
Qabil Hüseynli: “Ukrayna özünün torpaq itkisi ilə barışa bilməz…”
“Müharibə başlayarsa, ərazi bütövlüyü məsələsində Ukraynanın yanında olacağıq. Lakin Rusiya ilə münasibətləri də qoruyub saxlayacağıq”
"Rusiya Krımı özünə tabe edib, amma Luqansk və Donetsk vilayətlərində sanki keçid dövrü yaşanır. Belə olan halda Ukrayna özünün torpaq itkisi ilə barışa bilməz. Təbii ki, müharibəyə hazırlaşır. Hətta bu müharibənin ilkin variantını sınaqdan da keçirdilər. Nəticədə, iki kənd geriyə alındı"
Son vaxtlar Ukrayna və Rusiya arasında gərginlik yenidən artmaqdadır. Görünür, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin öz aralarındakı məsələni yalnız müharibə yolu ilə həll edə biləcəklərini düşünürlər. Bu iki dövlət arasında isə müharibənin hər an başlana biləcəyini dünya ekspertlərindən də eşidirik. O cümlədən, tərəfləri problem masa arxasında həll etməyə dəvət edənlər də az deyil. Lakin Zelenski bu görüşün yalnız Ukrayna suverenliyi çərçivəsində baş tutacağını qeyd etsə də, Putin bu fikri qeyri-konstruktiv adlandırmışdır.
Artıq Rusiya Ukrayna ilə sərhədə “İsgəndər” raketləri də yığmaqdadır. Amerikalı və avropalı rəsmilər Rusiyanın son günlər Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini qeydə almağa başlayıblar. Bu hərbi aktivlik Rusiyanın Belarusla birgə keçirdiyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ardınca başlayıb. Bildirilir ki, Ukraynanın şərqində münaqişə yeni fazaya daxil olub, bir neçə gün əvvəl Ukrayna ordusu ilk dəfə separatçılara qarşı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsini işə salıb. Hətta Ukrayna “Bayraktar”ın hesabına Donbasda bir kəndi də işğaldan azad edib.
Təbii ki, baş verənlər Rusiyada ciddi narahatlıq yaradıb. Kremldən rəsmi açıqlamanın verilməsindən sonra, məsələ Rusiya mediasında geniş müzakirələrə səbəb olub.
ABŞ və Avropanın mövqeyi isə bir qədər fərqli olub. Sözügedən ölkələrin rəsmiləri Rusiyanın Ukrayna sərhədlərinə hərbi qüvvə cəmləşdirməsindən ancaq narahatlıq ifadə ediblər. Görünür ki, Ukraynaya verdikləri vədləri unudublar. Rus ordusuna yaxınlığı ilə tanınan internet saytları Ukraynanın indiyə qədər “Bayraktar TB2”lərlə ən az 30 hücum təşkil etdiyini, Rusiya hava hücumundan müdafiə sistemlərinin indiyə qədər 15 türk PUA-sını vurduğunu iddia edib. Baş verənlərdən sonra Rusiya ordusunun qatarlarla Ukrayna sərhədinə tank və zirehli texnika daşıdığı deyilir.
Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı varmı?
Mövzu ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət"in suallarını cavablandırıb:
“Rusiya Ukraynanın böyük ərazisini işğal edibdir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Krım, Luqansk, Donetsk viklayətləri müxtəlif hibrid əməliyyatlar yolu ilə ələ keçirilib. Rusiya Krımı özünə tabe edibdir, amma Luqansk və Donetsk vilayətlərində sanki keçid dövrü yaşanır. Belə olan halda Ukrayna özünün torpaq itkisi ilə barışa bilməz. Təbii ki, müharibəyə hazırlaşır. Hətta bu müharibənin ilkin variantını sınaqdan da keçirdilər. Nəticədə, iki kənd geriyə alındı. Daha sonra separatçı qüvvələrin top, artilleriya qurğuları "Bayrakadar TB2" ilə vuruldu. Hazırda isə təmas xətti boyunca həm Rusiya, həm də Ukrayna ordu yığır. Prosesi nizamlamaq üçün qrup var. Həmin qrupların fəaliyyəti o qədər də hiss olunmur. Ona görə də hər şeyin hərbi yolla həll ediləcəyi variantı tez-tez aparıcı meylə çevrilir. Görünür ki, məsələnin sülh yolu ilə həllinin hələ mümkün olmadığı nəzərə çarpır. Bu səbəbdən, müharibə riski məsələnin sülh yolu ilə tənzimlənməsində daha yüksəkdə dayanır”.
Ukrayna meydanda tək qala bilərmi?
“Müharibə baş verərsə, Ukrayna da Gürcüstan kimi meydanda tək qala bilərmi” sualına politoloqun cavabı belə oldu: “Məsələ kifayət qədər ciddidir. Ukrayna hələ demək olar ki, islahatları həyata keçirib, ölkədə normal idarəçilik qaydaları formalaşdıra bilməyib. Bundan əlavə, korrupsiya və rüşvətxorluğun qarşısını ala bilməyib. Ölkə prezidenti də o qədər təcrübəli adam deyil. İncəsənətdən prezidentliyə gəlmiş bir adamdır. Bu nöqteyi-nəzərdən Ukrayanın dirçəlişi və hərbi potensialının artması o qədər də arzuolunan səviyyədə deyil. Amma Ukrayna öz ərazilərini azad etməyə can atır. Xaricdən silah alır və həmin silahların öz ölkəsində istehsalını təşkil edir. Bu baxımdan demək olar ki, Ukrayna tərəfdə müəyyən dirçəliş və hərəkətlənmə müşahidə edilir. Amma Rusiyanın potensialı güclüdür. Ukraynanın Rusiya ilə təkbaşına bacaracağı o qədər də real görünmür. Dünənə qədər Ukraynanın ərazi bütövlüyünə zəmanət verən, onun nüvə silahlarını və ballistik raketlərini əlindən alıb Rusiyaya verən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Almaniya proseslərə o qədər də ciddi yanaşmırlar. Hətta bu günlərdə Ukraynanın mövqelərinə atəş açan "Haubitsa"nın "Bayrakdar TB2" ilə məhv edilməsi məsələsini Almaniya tərəfi pisləyərək münasibət bildirdi. Böyük Britaniya isə bunu formal olaraq prosesə zərbə kimi hesab etdi. Bunlar sözün həqiqi mənasında heç bir iş görməyən, üstəlik də öz gücünü ortaya qoymağa çalışan ölkə olan Ukrayna üçün qərəzli münasibət göstərirlər. Bu baxımdan, Ukrayna hələ də ciddi ölçüb-bilçməlidir. Qərb dünyasının ona verdiyi sözlərin nə qədər real olacağını dəqiqləşdirməlidir. Sözsüz ki, uzun illər boyu həmin ərazilərin separatçıların əlinə keçməsinə imkan verməməlidir”.
Türkiyənin Ukraynaya "bayraqdar"ları verməsini Kreml necə qarşılayır?
“Türkiyənin Ukraynaya "bayraqdar"ları verməsi, Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb ola bilərmi” sualına isə politoloq, “Elə bir şey ola bilməz. Əgər, olacaqsa problemi yoxdur. Əvvəla, ona görə olmaz ki, Türkiyə Ukraynaya "Bayrqaktar"ları verir. Rusiya da bütün dünyaya milyardlarla dollarlıq silahlar satır. Eyni zamanda, Ermənistana da pulsuz silah verir. Bundan əlavə, Rusiya Ermənistanı Azərbaycana qarşı qızışdırır. Bu məsələdə Rusiyanın günahları yerdə qalan bütün dünya ölkələrinin günahlarından qat-qat çoxdur. Zənn etmirəm ki, bu məsələ Türkiyə ilə Rusiya arasındakı münasibətlərə xələl gətirsin. Amma, Rusiya qəzəblidir. Bu vəziyyətdən də qəzəbli keçir”, - deyə cavab verdi.
Azərbaycan Vətən müharibəsində Ukraynadan ciddi dəstək gördü. Müharibə başlayarsa, Azərbaycan hansı mövqeyi tutmalıdır?
Qabil Hüseynli hesab edir ki, artıq Azərbaycan bununla bağlı mövqeyini dəqiqləşdirib: “Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Bu məsələdə geri çəkilmirik. Təkcə, Krım konfransına qatılmamışıq. Bu da müharibədən yenicə çıxmış ölkə olduğumuz üçün belə alındı. Ukraynaya da yaranmış vəziyyəti izah edə bildik. Amma yeni müharibə başlayarsa, ərazi bütövlüyü məsələsində Ukraynanın yanında olacağıq. Lakin Rusiya ilə münasibətləri də qoruyub saxlayacağıq”.
YƏHYA