📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatı: Rusiya müasir raketlərinin təxminən 80%-ni istifadə edib

2022-11-07 14:44:00

Ukrayna kəşfiyyatı: Rusiya müasir raketlərinin təxminən 80%-ni istifadə edib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) sözçüsü Vadim Skibitski "Economist" jurnalına bildirib ki, Rusiya Ukraynanın mülki infrastrukturuna hücum edərkən müasir raketlərinin təxminən 80%-dən istifadə edib.
Kəşfiyyat məlumatlarına görə, Kremldə 120 "İsgəndər" və 40 "Kinjal" qalıb. Məhz buna görə də Rusiya Federasiyası İrandan “Fateh-110” və “Zolfoğar” ballistik raketlərini almaq qərarına gəlib.
Kəşfiyyat bildirir ki, Kreml bu raketləri ilhaq etdiyi Krıma, dəniz yolu ilə isə Xəzər regionuna çatdırmağı planlaşdırır. Skibitskinin sözlərinə görə, Ukraynanın bu tip raketlərə qarşı effektiv müdafiəsi hələlik yoxdur, çünki onlar Rusiyanın qanadlı raketləri və ya pilotsuz təyyarələrindən daha yüksək sürətə malikdir.
Əvvəllər ekspertlər güman edirdilər ki, rusların yer hədəflərini vurmaq üçün yer-hava tipli raketlərdən istifadə etməsi müvafiq döyüş sursatı çatışmazlığına dəlalət edir.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, tammiqyaslı müharibə başlamazdan əvvəl Rusiyada 900 ədəd “İskəndər”, 500 ədəd dəniz bazalı “Kalibr” raketi və 444 ədəd "Kh-101" və "Kh-555" qanadlı raketləri var idi. İndi onlardan xeyli az qalıb və onların analoji tempdə sonrakı istifadəsi Rusiyanın digər ərazilərdə müdafiə qabiliyyətini xeyli zəiflədə bilər.

Ülviyyə, Hurriyyet.az