UKRAYNA ORDUSU BU ŞƏHƏRİ TƏRK ETDİ - "Məqsədimiz hərbçilərin həyatını qorumaqdır" (Yenilənib)
Fevralın 17-nə keçən gecə Ukrayna ordusu Donetsk vilayətinin Avdeyevka şəhərini tərk edib. Bu barədə Ukraynanın “Tavriya” qoşunlar qrupunun komandiri Aleksandr Tarnavski məlumat verib.
"Düşmən öz əsgərlərinin cəsədləri üzərində, birə on mərmi üstünlüyü ilə davamlı bombardmanlarla irəlilədiyi bir vəziyyətdə bu, yeganə düzgün qərardır", - o vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin “Ukrayna bölmələrinin şəhərdən çıxarılması və daha sərfəli xətlərdə müdafiəyə keçməsi haqqında” əmri ilə qoşunlar geri çəkilib. Qərar mühasirəyə düşməmək və hərbçilərin həyat və sağlamlığını qorumaq üçün qəbul edilib.

"Biz vəziyyəti sabitləşdirmək və mövqelərimizi qorumaq üçün tədbirlər görürük. Hərbi qulluqçuların həyatı ən yüksək dəyərdir", - deyən Sırski Avdeyevkanı geri qaytaracağına söz verib.
Tarnavskinin sözlərinə görə, gün ərzində Ukrayna hərbçiləri rusların otuzdan çox hücumunu dəf edib. Rusiya ordusu iyirmi hava hücumu və yüz əllidən çox artilleriya atəşi həyata keçirib ki, bu da Avdeyevka ərazisindəki dislokasiya edilən qoşunlara təsir edib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, geri çəkilən zaman ukraynalı əsgərlərin bir hissəsi əsir götürülüb.

Bundan əvvəl həm Ukrayna komandanlığı, həm də xarici kəşfiyyat xidmətləri Avdeyevka ərazisində döyüş vəziyyətinin Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə əlverişsiz olduğunu bildirmişdi.
Rusiya ordusu Avdeyevkaya 2023-cü ilin oktyabr ayının əvvəlində kütləvi hücuma keçib. Bütün bölgəni ələ keçirmək Vladimir Putinin Rusiya ordusu qarşısında qoyduğu məqsədlərdən biridir.
***
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib.
APA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
“Taktiki vəziyyətdən çıxış edərək bir qoşunları Avdeyevkadan geri çəkmək qərarına gəldik. Məqsədimiz hərbçilərin həyat və sağlamlığını qorumaqdır. Düşmən buranı ələ keçirsə belə heç bir taktiki üstünlük əldə etməyəcək” – Sırski bildirib.