📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna ordusu gec-tez Rusiyaya birləşdirilən əraziləri azad edəcək" - ELXAN ŞAHİNOĞLU

2022-11-08 13:14:00

"Vaşinqtonda düşünürlər ki, Rusiyanın işğal etdiyi Xerson bölgəsini itirməsi halında danışıqlar üçün zəmin yaranacaq, lakin bu, o qədər də ağlabatan deyil"

"Gələn həftə İndoneziyada "böyük iyirmilər"in zirvə toplantısı keçiriləcək. Rusiya və Ukrayna prezidentləri də toplantıya dəvətlidirlər. Ancaq Rusiya prezidenti Vladimir Putinin toplantıya qatılıb-qatılmayacağı hələ bəlli deyil. Putin gözləmə mövqeyindədir, götür-qoy edir. Putin İndoneziyaya getməyə qərar versə də, Qərb liderlərindən kimsə onunla görüşməyəcək, onunla birgə foto çəkdirməyəcəklər. Ukrayna prezidenti Volodimir Zelenski elan edib ki, Putin İndoneziyaya getsə, o toplantıya qatılmayacaq". Hurriyyet.az-ın məlumatına görə, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Vaşinqtonda düşünürlər ki, Rusiyanın işğal etdiyi Xerson bölgəsini itirməsi halında danışıqlar üçün zəmin yaranacaq: "Bu o qədər də ağlabatan deyil. Birincisi, Putin saxta referendum yolu ilə Xersonu Rusiyaya birləşdirib. Ukrayna ordusu Xersonu azad edərsə, bu, Rusiyada Putinin reytinqinə və imicinə ciddi zərbə vuracaq. Belə olan halda Putinin sülh danışıqlarına razılaşması onun geri çəkilməsi kimi qiymətləndiriləcək. Putin isə hakimiyyətdə olduğu 20 ildən çox zaman kəsiyində güzəştsiz siyasətçi kimi yadda qalıb".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, buna baxmayaraq, Ukrayna ordusu əks-hücumlarının kəsəri artmaqdadır və gec-tez Rusiyaya birləşdirilən əraziləri azad edəcək.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az