"Ukrayna ordusu rus qoşunlarını Belarus sərhədinə doğru sıxışdırır" - ŞAHİN CƏFƏRLİ
"Əgər Rusiya komandanlığı ciddi bir rezerv gətirib, Çerniqov və Sum tərəfdən cəbhəni yara bilməsə, Kiyevin çevrəsindəki rusiyalılar artıq ciddi təhlükə mənbəyi deyil"
"Ukrayna ordusu Kiyev ətrafındakı rus qoşunlarını yavaş-yavaş utilizasiya edib, Belarus sərhədinə doğru sıxışdırır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, paytaxtın qorunmasında şəhərin öz qarnizonu ilə yanaşı, Çerniqov və Sum istiqamətlərindəki əfsanəvi müqavimətin böyük rolu var: "Rusiya sərhədində yerləşən bu vilayətlərdə Ukrayna ordusu və yerli müdafiə qüvvələri bir aydır düşmənin zərbə qruplaşmalarının fasiləsiz hücumlarını uğurla dəf edirlər və onları taqətdən salıblar. Aleksey Arestoviçin dediyinə görə, Kiyev vilayəti ərazisində təxminən, 12 minlik Rusiya qruplaşması var, onlardan 3 mini mühasirə vəziyyətindədir".
Şahin Cəfərli hesab edir ki, əgər Rusiya komandanlığı ciddi bir rezerv gətirib, Çerniqov və Sum tərəfdən cəbhəni yara bilməsə, Kiyevin çevrəsindəki rusiyalılar artıq ciddi təhlükə mənbəyi deyil.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az