📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna ordusunun Donbasdakı separatçıları tərksilah etmək üçün münbit şərait məhz indidir" - ELXAN ŞAHİNOĞLU

2022-01-25 10:30:00

"Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə həyata keçirdiyi 44 günlük hərbi əməliyyat Ukraynada diqqətlə tədqiq edilib və oxşar əməliyyatın imkanları öyrənilib"

"Beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalıdır. Rusiyanın sərhəddə topladığı yüz minlik qoşun da bundan xəbər verir, üstəgəl Moskvanın Vaşinqtona bəlli ultimatumları var". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, hazırda "Ukrayna hücuma keçib Donbası separatçılardan təmizləyə bilərmi" sualınıb da aktuallığı arta bilər: "Birincisi, Ukrayna ordusu son illərdə xeyli peşəkarlaşıb, tərəfdaşların hesabına modern silahlarla və hərbi texnika ilə təhciz olunub. İkincisi, Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə həyata keçirdiyi 44 günlük hərbi əməliyyat Ukraynada diqqətlə tədqiq edilib və oxşar əməliyyatın imkanları öyrənilib. Üçüncüsü, Rusiyanın bütün hallarda hərbi müdaxiləyə başlayacağı ehtimalı yüksəkdirsə, Ukrayna ordusunun Donbasdakı separatçıları tərksilah etmək üçün münbit şərait məhz indidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bu halda Rusiyanın da müdaxiləsi qaçılmazdır: "Ancaq Rusiya prezidenti Vladimir Putinin sözü ilə desək, "toqquşma olacaqsa, birinci zərbəni mən endirməliyəm"".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az