Ukrayna qoşunları mühasirədən çıxıb - Pokrovsk istiqamətində geri çəkiliblər
Rusiya işğalçı qüvvələrinin Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyişi davam edir.
Hurriyyet.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatına görə, Rusiya qoşunlarının irəliləməsi Ukrayna Silahlı Qüvvələrini öz əvvəlki mövqelərindən şəhərin cənub-şərqinə doğru çəkilməyə məcbur edib.
Rusiya tərəfi bu ərazidə Ukrayna qüvvələrinin taktiki mühasirəsini həyata keçirməyə cəhd edib. İnstitutun məlumatına görə, avqustun 22-də yayılan geolokasiya görüntüləri göstərir ki, ruslar bu yaxınlarda Ptiçyeni (Pokrovskdan cənub-şərqdə) tutub və daha da cənuba doğru irəliləyiblər.
Bu, Rusiyanın əvvəllər həmin ərazidə Karlovskoye su anbarının şərq sahilinin qalan hissəsini tutması barədə iddialarını təsdiqləyir. İşğalçıların T-0511 magistral yolundan (Oçeretino-Qrodovka) cənuba və cənub-qərbə doğru irəliləməsi Ukrayna qüvvələrinin mühasirəyə alınmasına şərait yaradırdı.
Lakin Ukrayna birləşmələri buradan geri çəkilməklə, mövqelərini Pokrovskdan şərq və cənub-şərqdə dəyişərək, cəbhə xəttini düz xətt üzrə müəyyənləşdirib. Bundan əvvəl son həftələr ərzində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri E-50 magistralı istiqamətində (Donetsk - Pokrovsk) demək olar ki, rus qoşunlarının mühasirəsinə düşüblər. Taktiki mühasirə təhlükəsi ukraynalıları geri çəkilməyə sövq edib.
Bu istiqamətdə fəaliyyət göstərən Ukrayna briqadasının nümayəndəsi etiraf edib ki, cəbhəni düzəltmək və şəxsi heyətin həyatını xilas etmək üçün geri çəkilməyə məcbur olublar.
Bununla belə, ISW Ukrayna Silahlı Qüvvələrinin xaotik şəkildə çıxarılması ilə bağlı heç bir hal müşahidə etməyib. Analitiklərin fikrincə, cəbhənin bu sektoru boyunca işğalçıların sürətli taktiki uğurlarının olmaması onu deməyə əsas verir ki, Ukrayna Silahlı Qüvvələri son həftələrdə mühasirəyə alınmış mövqelərindən çıxa bilib.
Azpolitika.info