Ukrayna, RF, BMT təmsilçiləri yenidən İstanbulda görüşəcəklər – “Ümumi razılıq əldə edilib”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna, Rusiya Federasiyası, Türkiyə və BMT təmsilçilərinin Ukrayna limanlarındakı taxılın və digər qida məhsullarının təhlükəsiz şəkildə çıxarılması ilə bağlı növbəti görüşü bu həftə keçirilə bilər.
Bu barədə açıqlamanı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar verib.
Akar ilk belə görüşün iyulun 13-də İstanbulda keçirildiyini də xatırladaraq deyib: “Qara dənizdə taxıl koridorunun reallaşmasının ümumi prinsipləri üzrə razılıq artıq əldə edilib. Türkiyə bu planın reallaşması istiqamətində konkret addımlar atılması üçün səy göstərəcək”.
Nazirin sözlərinə görə, İstanbulda keçiriləcək növbəti görüşdə taxıl məsələsinin detalları yenidən təhlil ediləcək. Hulusi Akar deyib: “İstanbulda koordinasiya mərkəzinin yaradılması, limanlara giriş-çıxışın razılaşdırılması, gəmilərin təhlükəsizliyi məsələləri müzakirə edilir. Bütün bunlar günün əsas texniki məsələləridir”.
Hürr Tərcüman