Ukrayna Rusiyanın 100 milyonluq qırıcılarını VURDU
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Adıgey Respublikasında yerləşən "Xanskaya" hərbi aerodromuna hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, cəbhə xəttindən təxminən 500 kilometr uzaqlıqda yerləşən strateji obyektdəki əməliyyat bu gecə pilostuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.
Əməliyyatı UTX-nin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi icra edib. Dron zərbələri nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki bahalı döyüş təyyarəsi və aerodrom ərazisindəki hərbi anbar sıradan çıxarılıb.
Məlumata görə, hücum zamanı Rusiyanın ən müasir döyüş təyyarələrindən biri sayılan və dəyəri təxminən 100 milyon dollar olan "Su-35" çoxməqsədli qırıcısı vurulub. Bununla yanaşı, Rusiya taktiki aviasiyasının əsas dayaqlarından hesab edilən, 50 milyon dollar dəyərindəki "Su-34" qırıcı-bombardmançı təyyarəsi də zərbəyə məruz qalıb. Eyni zamanda aerodromdakı döyüş sursatları anbarında da güclü partlayışlar qeydə alınıb.
Xüsusi vurğulanır ki, vurulan hər iki hərbi təyyarə Ukrayna ərazisinə atılan idarəolunan aviasiya bombalarının (KAB) əsas daşıyıcıları funksiyasını yerinə yetirirdi.