"Ukrayna Rusiyanın hərbi müdaxiləsinə qarşı fövqəladə imkanlar qazana bilər" - XAQANİ CƏFƏRLİ
"Əgər Rusiya terrorizmi maliyyələşdirən ölkə kimi tanınsa, bu, Rusiyaya qarşı ən sərt sanksiyaların qəbulunun yolunu açacaq"
"ABŞ Senatının bir qrup üzvü yeni qanun layihəsi ilə çıxış edərək, Ukraynaya 550 milyon dollar hərbi yardımın ayrılmasını təklif ediblər. Təklif edilən 550 milyon dollarlıq yardıma hərbi büdcə qanunda nəzərdə tutulan 300 milyon dollarlıq yardım daxil deyil". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, əgər təklif olunan qanun layihəsi qəbul olunarsa, ABŞ-ın Ukraynaya hərbi yardımı 850 milyon dollara qədər yüksələcək: "Senatorların təklif etdikləri 550 milyon dollarlıq yardımın 450 milyon dolları Ukrayna üçün adi silahların, 100 milyon dolları isə “Stinger” zenit-raket kompleksləri, gəmilərə qarşı raketlərin alınmasına sərf edilməlidir. Qanun layihəsinə “Şimal axını-2” qaz kəmərinin işə salınmasını qadağan edən maddə də daxil edilib".
Xaqani Cəfərli əlavə edib ki, senatorların təklif etdiyi qanun layihəsində Rusiyanın terrorizmi maliyələşdirən dövlət kimi tanınması da öz əksini tapıb: "Əgər Rusiya terrorizmi maliyyələşdirən ölkə kimi tanınsa, bu, Rusiyaya qarşı ən sərt sanksiyaların qəbulunun yolunu açacaq. Konqresdə təmsil olunan hər iki partiyanı təmsil edən 9 senatorun təklif etdiyi qanun layihəsi qəbul olunarsa, Ukrayna Rusiyanın hərbi müdaxiləsinə qarşı dayanmaq üçün fövqəladə imkanlar qazanacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az