Ukraynada 15-dən çox enerji obyekti hədəfə alındı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna son günlərdə ən intensiv hücumlarından birini həyata keçirdiyini açıqlayıb. Hücumlar nəticəsində 15-dən çox enerji obyekti hədəf alınıb.
Hurriyyet.net xəbərinə görə, Zelenski sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Rusiya ordusu dünən axşamdan etibarən Ukraynaya 320-dən çox pilotsuz uçuş aparatı (PUA) və raketlə hücum edib.
Prezidentin sözlərinə görə, elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün ölkənin müxtəlif bölgələrində təmir və bərpa işləri fasiləsiz davam etdirilir.
Zelenski Rusiyanın qış başlamazdan əvvəl Ukrayna əhalisini çətin vəziyyətə salmağa çalışdığını vurğulayıb. O bildirib ki, Moskvanın məqsədi milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməkdir.
Ukrayna lideri Rusiyaya qarşı sanksiyaların yumşaldılmamasına çağırıb.
Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 45 nəfər yaralanıb.