Ukraynada Gəncə təcrübəsi: “Rusiya atəşkəsi pozdu, arxadan vurdu”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynanın Prezident Ofisinin müşaviri Mixail Podolyak Rusiyanın pravoslavların Milad bayramı münasibəti ilə Ukraynada elan elədiyi 36 saatlıq atəşkəsi pozmaqda ittiham edib.
Podolyak “Tvitter” hesabındakı açıqlamasında Rusiya ordusunun Rusiya Prezidenti Vladimir Putinin Rusiya Müdafiə Nazirliyinə bu gün saat 12.00-dan etibarən başlamasını əmr elədiyi 36 saatlıq atəşkəs göstərişinə riayət eləmədiyini bildirib.
Podolyak bu gün Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərinə hücum elədiklərini bildirərək yazıb: “6 yanvar. Ukraynanın hər yerində həyəcan siqnalı. Uşaqlar yenə də soyuq sığınacaqlardadırlar. Xersonda yanğınsöndürmə stansiyası bombalanıb. Rusiya atəşkəsinin mahiyyəti budur: səssizliyi təqlid edərək arxadan vurub öldürmək. Deməli heç vaxt... Heç bir zaman Rusiyanın heç bir sözünü ciddi qəbul etməyin. Həmişə həyasızcasına primitiv yalan danışırlar”.
Xatırladaq ki, analoji hadisə Azərbaycan tarixindədə yaşanıb. Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq, Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar atəş elan ediləndən sonra, 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində dinc sakinlər yuxuda ikən şəhid olmuşdular. Bundan əlavə, yaralananlar və evsiz qalanlar olmuşdu.
Hürr Tərcüman