“Ukraynadakı müharibə 1,7 milyard insanın vəziyyətini pisləşdirib”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı Ukraynadakı müharibənin 1,7 milyard insanın vəziyyətini pisləşdirdiyini bəyan edib. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti verib.
Münaqişə qlobal ərzaq, energetika və maliyyə sistemlərində axsamalara səbəb olub və bunun nəticəsində planetin bir sıra regionlarında yoxsulluğun və aclığın artması qaçılmaz olacaq.
Baş katib çərşənbə günü BMT-nin “Ukraynadakı müharibənin ərzaq, enerji və maliyyə sistemlərinə qlobal təsiri” adlı hesabatı təqdim edib. Quterriş deyib: “RF-nin Ukraynaya təcavüzündən sonra bütün dünyanın diqqəti müharibənin dəhşətli fəsadlarına yönəlib. Ukraynadakı müharibənin nəticələri Kovid-19 pandemiyasının davam etməkdə olan nəticələrinin üstünə gəlir. Bütün bunlar qlobal iqlim dəyişiklikləri və dünyada qeyri-bərabərliyin artması fonunda baş verir. Ərzaq məhsullarının qiymətinin kəskin bahalaşması və məhsul qıtlığı milyonlarla insanı yoxsulluğa aparır. Ərzaq məhsullarının böyük bir qismini idxal edən yoxsul və orta gəlirli ölkələr üçün təhdid daha böyükdür. Ümumdünya Bankının hesablamalarına görə, ərzaq məhsullarının təkcə birrəqəmli faiz dərəcəsi ilə bahalaşması şəraitində 10 milyon insanın vəziyyəti ən aşağı yoxsulluq həddinə düşür”.
Hürr Tərcüman